Gündüz İsmayılov: Siyasi-iqtisadi potensial, tarixi, dini və mənəvi zənginlik Azərbaycanın dinlərarası dialoqda aparıcı mövqeyini gücləndirir
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakı şəhərində təxminən bir kilometr radiusda Avropa yəhudilərinin sinaqoqunu, eyni zamanda, Mixail Arxangel kilsəsini və Təzəpir məscidini görə bilərik. Səmavi dinlərin bu qədər yaxın ərazidə bir arada yaşaması yeni bir nailiyyət deyil. Bu, Azərbaycan xalqının tarixi nailiyyətidir. Bu nailiyyəti qoruyub saxlamaq isə Azərbaycan dövlətinin siyasətidir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
"Bu baxımdan, həm siyasi-iqtisadi potensialımız, həm də tarixi, dini və mənəvi zənginliyimiz Azərbaycanın dinlərarası dialoq prosesində aparıcı mövqeyini gücləndirir və qarşısında yeni imkanlar açır", - deyə o diqqətə çatdırıb.
Fotomüxbir - Azər İbrahimov
Operator - Ceyhun Rüstəmov