Sədr müavini: Məzhəblərarası münasibətlər kontekstində Azərbaycan İslam dünyasında nadir ölkələrdəndir
Bakı, 28 oktyabr, AZƏRTAC
XXI əsrdə qarşılaşdığımız problemlərdən biri də islamofobiya, ksenofobiya və antisemitizmdir. Bu problemlərin aradan qaldırılması üçün tarixi nümunələrə də ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O bildirib ki, məhz Azərbaycanın dinlərarası dialoq prosesində önə çıxması, bu prosesin aktiv iştirakçısı və təşkilatçısı olması üçün dövlətimizin geosiyasi mövqeyi, siyasi-iqtisadi resursları, eyni zamanda, tarixi ənənələri imkan yaradır.
"Təsadüfi deyil ki, məzhəblərarası münasibətlər kontekstində Azərbaycan İslam dünyasında nadir ölkələrdəndir. Burada müxtəlif məzhəblərin nümayəndələri nəinki ayrı-ayrı məscidlərdə, hətta eyni məsciddə, eyni imamın arxasında ibadət edirlər", - deyə sədr müavini qeyd edib.