Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh və tolerantlığın təşviqində mühüm platformadır- ŞƏRH
Bakı, 28 oktyabr, AZƏRTAC
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynayan, tolerantlığı, qarşılıqlı etimadı və sülhü təşviq edən ən nüfuzlu platformalardan biridir. Bakıda ənənəvi olaraq keçirilən bu forum dünya miqyasında fərqli mədəniyyətlərin və dinlərin nümayəndələrini bir araya gətirərək humanitar böhranların həlli və dayanıqlı inkişaf üçün qlobal əməkdaşlıq formatı təqdim edir. Forumun gündəliyi hər zaman bəşəriyyəti narahat edən ən aktual məsələləri əhatə edir. Oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçını, 100-dən artıq ölkədən 500-dən çox qonağı bir araya gətirdi. Prezident İlham Əliyev Forumun açılış mərasimində bir daha vurğuladı ki, ötən 15 ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilib. Azərbaycanın təşəbbüsü olan və ilk dəfə 2011-ci ildə Bakıda keçirilən bu beynəlxalq platformaya dəstək verən tərəfdaşlara, ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansına təşəkkürünü bildirən və ölkəmizin əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin sülh şəraitində birgə yaşadığı tarixi bir məkan olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan xalqının milli birliyinin və sarsılmaz iradəsinin ən bariz təcəssümü 44 günlük İkinci Qarabağ müharibəsinin simvoluna çevrilən “Dəmir yumruq”dur. Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular. Forumda dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər müzakirə edilən məsələlər sırasında oldu. “30 il beynəlxalq birlikdən və dünya güclərindən ədalət gözlədik. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının azad olunmasını tələb edən dörd qətnaməsi icra olunmadı. Onların icrasını təmin edən mexanizm yox idi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Bu, ikili standartlardan başqa bir şey deyil. Azərbaycan ikili standartlara qarşı həmişə mübarizə aparıb və bundan sonra da mübarizə aparacaq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev bu məqamı diqqətə çatdırdı ki, ikili standartlar təkcə müxtəlif müharibə və münaqişələrə yanaşmada özünü göstərmir. İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir”.
Malik Həsənov qeyd edib ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti daim davamlı uğurlara yol açır: “Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün hədəflərə ardıcıllıqla nail olur. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının yaratdığı yeni reallıqlar regionda dayanıqlı sülhü və təhlükəsizliyi şərtləndirir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsində bu amil əsasdır. Azərbaycan postmünaqişə dövründə sülh gündəliyinin müəllifi kimi çıxış edərək beynəlxalq platformalar vasitəsilə dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq mesajlarını verir. O əlavə edib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal miqyasda humanitar əməkdaşlıq, tolerantlıq və dialoq mərkəzi kimi strateji mövqeyini növbəti dəfə bütün dünyaya nümayiş etdirir. Tədbir, eyni zamanda, fərqli mədəniyyətlər və sivilizasiyalar arasında körpülərin qurulmasında Bakının əvəzolunmaz rolunu təsdiqləyir. Forum çərçivəsində aparılan müzakirələr təkcə mövcud problemlərin aradan qaldırılmasına deyil, həm də gələcək nəsillər üçün daha təhlükəsiz, inklüziv və ədalətli dünya nizamının qurulmasına yönələn ortaq fəaliyyət planlarının müəyyənləşdirilməsinə xidmət edir.