BMT Proqramının direktoru: Azərbaycanda olmaq böyük sevincdir
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanda olmaq böyük sevincdir. Bura həm gözəl ölkədir, həm də gözəl insanları var. Mən bunu sadəcə xoş söz demək üçün söyləmirəm, bu, danılmaz faktdır. Sizinlə və belə möhtəşəm auditoriya ilə burada bir araya gəlmək imkanı yaratdığınız üçün təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Lead Integrity” təşkilatının prezidenti və baş direktoru, Oksidental Kollecində Kahane BMT Proqramının direktoru Azza Karam “Bilik, liderlik və imkanlar: ortaq gələcək naminə körpülərin qurulmasında qadınların və qızların rolunun gücləndirilməsi” mövzusundakı dialoqda deyib.
“Düşünürəm ki, münaqişə zonalarında qadınların qarşılaşdığı reallıqların xüsusi olaraq nəzərə alınması və proseslərə inteqrasiya edilməsi mühüm əlavə dəyər yaradır. Çünki bu gün dünya tarixdə görünməmiş sayda silahlı münaqişələrin şahidi olur və bu da təbii olaraq, rekord həddə məcburi köçkün axını ilə nəticələnir. Bu isə qadın və qızların həssaslığını daha da artırır, onların üzərinə düşən qayğı yükünü ikiqat ağırlaşdırır”, - deyə Azza Karam bildirib.