İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik
Bakı, 28 oktyabr, AZƏRTAC
Korrupsiyanın törədilməsi və gizlədilməsi üçün istifadə olunan daha mürəkkəb və təkmil üsullara qarşı mübarizə aparmaq məqsədilə mövcud dinamikanı qoruyub saxlamaq və onu daha da gücləndirmək vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhməd Bakıda təşkilata üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, bu, texnoloji tərəqqidən sui-istifadə etməklə korrupsiyadan əldə olunan qanunsuz gəlirlərin sərhədlərdən keçirilməsini, aktivlərin yuyulmasını və hüquq-mühafizə orqanlarının araşdırmalarına maneələr yaradılmasını əhatə edir: “Bu məqsədlə Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik. Konvensiya səlahiyyətli hüquq-mühafizə orqanlarının istintaq və hüquq-mühafizə fəaliyyəti ilə bağlı digər bütün əməkdaşlığı gücləndirmək üçün müvafiq çərçivədir”.
Onun sözlərinə görə, Konvensiyanın qüvvəyə minməsi üçün azı 19 üzv dövlət tərəfindən ratifikasiya edilməsi tələb olunur.
Bu istiqamətdə artıq müəyyən irəliləyiş əldə olunub və Konvensiya 7 üzv dövlət tərəfindən ratifikasiya edilib: "Həmin dövlətləri təbrik edir, Məkkə Konvensiyasını hələ imzalamayan və ya ratifikasiya etməyən digər üzv dövlətləri bunu mümkün qədər tez həyata keçirməyə bir daha çağırırıq. Hər yeni imza və ya ratifikasiya korrupsiyaya qarşı mübarizədə konkret nəticələr verəcək səmərəli İƏT çərçivəsinin yaradılması istiqamətində bizi məqsədimizə daha da yaxınlaşdırır".