BMT rəsmisi: Azərbaycan qızların təhsilinə və qadınların imkanlarının genişləndirilməsinə mühüm töhfə verir
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanın qızların təhsilinə sadiqliyinin göstəricilərindən biri 2017-ci ildə Bakıda UNESCO ilə birgə təşkil olunan toplantıdır. Həmin toplantıda qızların təhsilinə investisiya qoyulmasını nəzərdə tutan “Qlobal Humanitar Çağırış” qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT Baş katibinin köməkçisi və "BMT Qadınlar" təşkilatının Normativ Dəstək üzrə icraçı direktorunun müavini Nyaradzayi Qumbonzvanda “Bilik, liderlik və imkanlar: ortaq gələcək naminə körpülərin qurulmasında qadınların və qızların rolunun gücləndirilməsi” mövzusundakı dialoq iştirakçılarına videomüraciətində deyib.
O, bu ilin aprelində “Texnologiyada Fürsət Bərabərliyi” proqramının Bakıda genişləndirildiyini, tələbələrə yeni texnologiyalar üzrə bilik və bacarıqlar qazandırmaq məqsədilə Türkiyə və Azərbaycandan olan tərəfdaşları bir araya gətirdiyini diqqətə çatdırıb. “Bu, BMT Qadınlar Təşkilatının Türkiyədə yerləşən Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin də yaxından izlədiyi və fəal iştirak etdiyi təşəbbüsdür”, – deyə Baş katibin köməkçisi bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə götürülmüş öhdəlikdən təxminən on il sonra keçirilən bu forum təkcə əldə olunmuş irəliləyişləri qiymətləndirmək deyil, həm də mövcud boşluqları aradan qaldırmaq, qızların təhsilinə və qadınların iqtisadi imkanlarının genişləndirilməsinə dair kollektiv öhdəlikləri yeniləmək üçün mühüm fürsət yaradır.