Bakı Forumu qlobal sülh və mədəniyyətlərarası dialoqun təşviqində mühüm platformadır ŞƏRH
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müasir beynəlxalq münasibətlər sistemində sivilizasiyalararası anlaşmanın, inklüziv dialoqun və qlobal sülhün bərqərar olunması yolunda ən mühüm dönüş nöqtələrindən biri kimi tarixdə öz yerini tutdu. Yüzdən artıq ölkədən iki minə yaxın nümayəndənin, tanınmış dövlət, ictimai və mədəniyyət xadimlərinin, habelə beynəlxalq təşkilatların rəhbərlərinin bir araya gəldiyi bu mötəbər platforma Azərbaycanın qlobal sülh və təhlükəsizlik gündəliyinin formalaşmasındakı aparıcı rolunu bir daha nümayiş etdirdi, ölkəmizi sülh və dialoq carçısına çevirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında etdiyi çıxışında platformanın konturlarını müəyyən etməklə yanaşı, müasir dünyanın üzləşdiyi geosiyasi ziddiyyətlər, ikili standartlar və parçalanma təhlükələri fonunda yeni fəlsəfi-siyasi paradiqma irəli sürdü. Dövlətimizin başçısının tezisləri göstərdi ki, Bakıda təməli qoyulmuş "Bakı Prosesi" sadəcə mədəni tədbirlər toplusu deyil, münaqişələrin aradan qaldırılması, ideoloji risklərin neytrallaşdırılması və suverenliyə söykənən sülhün yayılması mexanizmidir.
"Tarixən Şərq ilə Qərb, Asiya ilə Avropa arasında strateji və mənəvi körpü rolu oynamış Azərbaycan sivilizasiyaların kəsişdiyi məkanda yerləşərək zəngin multikulturalizm, etnik və dini tolerantlıq ənənələrini əsrlər boyu qoruyub saxlamışdır. Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, Azərbaycan cəmiyyətində hökm sürən etnik-dini həmrəylik ölkənin daxili sabitsizliyini istisna edir və bu gün ölkə üçün potensial risklər yalnız fiziki deyil, həm də eyni dərəcədə təhlükəli olan ideoloji formalarda xaricdən gəlir. Bu baxımdan, mədəniyyətlərarası dialoqun təşviq edilməsi və "Bakı Prosesi" çərçivəsində aparılan müzakirələr ideoloji təhdidlərə, radikallaşmaya və ksenofobiyaya qarşı qlobal müstəvidə sipər rolunu oynayır. Azərbaycanın böyük qürurla təqdim etdiyi bu tolerantlıq modeli müasir dünyanın parçalanmış geosiyasi mənzərəsində barışdırıcı bir mayak funksiyasını yerinə yetirir", - deyə deputat diqqətə çatdırıb.
Humanizmə və dialoqa sarsılmaz inamın bariz göstəricisi
K.Bayramov əlavə edib ki, Forumun nəticələrinin təhlilinə və dövlət başçısının vurğuladığı əsas məqamlara əsasən Azərbaycanın 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regional və qlobal miqyasda beynəlxalq hüququn aliliyinin təmin olunmasının ən parlaq nümunəsidir. İllər boyu Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsinin kağız üzərində qalması, təcavüzkara qarşı heç bir sanksiyanın tətbiq edilməməsi beynəlxalq siyasətdəki ikili standartların acınacaqlı təzahürü olub. Azərbaycan öz gücü və iradəsi ilə ədaləti bərpa etdikdən dərhal sonra Ermənistana sülh sazişi təklif edərək qisasçılıq hisslərindən uzaq olduğunu, bölgədə davamlı sülhün və birgəyaşayışın tərəfdarı kimi çıxış etdiyini sübut edib. Qanlı müharibələrdən dərhal sonra belə bir unikal sülh təşəbbüsü ilə çıxış etmək Azərbaycan dövlətinin humanizmə və dialoqa olan sarsılmaz inamının bariz göstəricisidir.
“Bu kontekstdə Bakı Forumunun keçirilməsi böyük strateji əhəmiyyət kəsb edir, çünki bu platforma dialoqu konkret praktiki fəaliyyətə və tərəfdaşlığa çevirmək üçün unikal imkanlar yaradır. Şimal və cənub sərhədlərində, eləcə də yaxın regionlarda yeni müharibə və münaqişələrin alovlandığı, sanksiyaların və bloklaşmaların dərinləşdiyi bir dövrdə Bakı Forumu dünyadakı nifaqı aradan qaldırmaq, ikili standartları rədd etmək və qlobal gələcəyi birgə qurmaq üçün mühüm platformadır. Azərbaycanın qlobalmiqyaslı tədbirlərə ev sahibliyi etməsi ilə yan-yana dayanan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin beynəlxalq gündəliyi müəyyənləşdirən əsas güc mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir”, - deyə K.Bayramov əlavə edib.
O əlavə edib ki, VII Forum müasir qlobal böhranlardan çıxış yolunun təcrid olunmaqda və ya hərbi güc nümayişində deyil, suverenliyə hörmət, beynəlxalq hüquqa əməl olunması və mədəniyyətlərin bərabərhüquqlu dialoqunda olduğunu bir daha sübut etdi. Bakıdan yayılan bu sülh fəlsəfəsi beynəlxalq aləmdə təhlükəsiz və davamlı gələcəyin təmin edilməsi üçün əvəzsiz töhfədir.