ADAU ilə “Zirvə Agro” arasında əməkdaşlıq memorandumu imzalanıb
Gəncə, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Zirvə Agro” şirkətinin rəhbərliyi arasında görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə universitetlə aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi, müasir kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də elmi biliklərin istehsalatda tətbiqi imkanları müzakirə olunub.
Rektor Zəfər Qurbanov universitetin aqrar sektorun inkişafına töhfə verən, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasına xüsusi önəm verdiyini bildirib. Qeyd edib ki, bu istiqamətdə işəgötürən şirkətlərlə əlaqələrin gücləndirilməsi, tədris prosesinin real istehsalat təcrübəsi ilə əlaqələndirilməsi mühüm əhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, aqrar sahədə tətbiq olunan yeniliklərin tələbələrə çatdırılması, onların müasir texnologiyalar və istehsalat prosesləri ilə yaxından tanış olması gələcək mütəxəssislərin peşəkar inkişafına mühüm töhfə verə bilər. Bu baxımdan “Zirvə Agro” kimi ixtisaslaşmış şirkətlərlə əməkdaşlıq həm tələbələrin praktiki hazırlığı, həm də universitetin elmi potensialının aqrar sektorun ehtiyaclarına yönəldilməsi baxımından əhəmiyyətlidir.
“Zirvə Agro” şirkətinin rəhbəri və təsisçisi Mansur Məhsulov müəssisənin fəaliyyəti, kənd təsərrüfatı istehsalçılarına təqdim olunan məhsullar və aqrar sahədə müasir yanaşmaların tətbiqi barədə məlumat verib. O, universitetlə əməkdaşlığın gələcək mütəxəssislərin hazırlanması və onların əmək bazarının tələblərinə uyğun biliklərə yiyələnməsi baxımından əhəmiyyətini qeyd edib. Mansur Məhsulov bildirib ki, aqrar sektorun davamlı inkişafı üçün nəzəri biliklə yanaşı, praktiki təcrübə və müasir texnologiyaları tətbiq etmək bacarığı da vacibdir. Onun sözlərinə görə, bu baxımdan universitetlə şirkət arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, tələbələrin sahənin real ehtiyacları ilə tanış olması və peşəkar biliklərinin artırılması üçün əməkdaşlıq imkanlarının dəyərləndirilməsi önəmlidir.
Görüşdə tələbələr üçün təcrübə imkanlarının yaradılması, mütəxəssislərin iştirakı ilə təlim və seminarların təşkili, aqrar sahədə mövcud yeniliklərin tədris prosesinə inteqrasiyası və gələcək birgə fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Aqrar Universitetin tanıtım çarxı nümayiş olunub.
Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə “Zirvə Agro” şirkəti arasında birgə əməkdaşlıq haqqında əməkdaşlıq memorandumu imzalanıb.
Daha sonra qonaqlar ADAU-nun müasir laboratoriyaları ilə tanış olublar.
Qeyd edək ki, 2021-ci ildən fəaliyyət göstərən “Zirvə Agro” şirkəti fermerləri toxum, gübrə və bitki mühafizə vasitələri ilə təmin edir. Şirkətin fəaliyyəti aqrar istehsalçılara müasir kənd təsərrüfatı məhsullarının təqdim olunmasına və fermerlərin ehtiyaclarının qarşılanmasına yönəlib.
Müxbir - Elcan Məmmədov