Azərbaycanlı alimin Əlişir Nəvaiyə həsr olunan monoqrafiyası Özbəkistanda təqdim edilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Professor Almaz Ülvi Binnatovanın “Əlişir Nəvainin dövrü və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” adlı monoqrafiyasının özbək dilinə tərcüməsinin təqdimatı Özbəkistanda keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda dahi Azərbaycan və Türk dünyasının ortaq ədəbi-mədəni irsinin öyrənilməsində Əlişir Nəvai yaradıcılığının əhəmiyyəti, monoqrafiyanın elmi dəyəri və Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin inkişafına töhfəsi vurğulanıb.
Monoqrafiya müstəqil tədqiqatçı Ozoda Norimova tərəfindən özbək dilinə tərcümə edilib. Əsər filologiya elmləri doktoru, professor Dilorom Salohinin redaktorluğu ilə “Fan” nəşriyyatında çap olunub. Kitabda XV əsrdə yaşamış dahi mütəfəkkir Əlişir Nəvainin fəaliyyət göstərdiyi sosial-mədəni mühit, onun mənəvi-əxlaqi dünyası, eləcə də nəsr əsərlərinin səciyyəvi xüsusiyyətləri elmi-filoloji baxımdan araşdırılır. Tarixi dövrün ictimai-siyasi mənzərəsi ilə ədəbi mühitin təhlilini vəhdətdə təqdim edən monoqrafiya nəvaişünaslığın inkişafına töhfə verən tədqiqat əsəridir.
Tədbirdə çıxış edən Özbəkistanda xidmət etmiş jurnalist Fərmon Toşev Nəvai irsinin öyrənilməsində alimlərin rolunu vurğulayaraq onları böyük ədəbi xəzinənin incilərini üzə çıxaran tədqiqatçılarla müqayisə edib. O, azərbaycanlı alim Almaz Ülvi Binnatovanın Əlişir Nəvai irsinin araşdırılmasına verdiyi töhfəni xüsusi qeyd edib.
Filologiya elmləri doktoru, professor İbodulla Mirzəyev çıxışında Əlişir Nəvainin dahiliyinin dərindən dərk olunması və irsinin daha geniş tədqiq edilməsi məsələsinə diqqət çəkib.
Orta Asiya Xalqları Dillər və Mədəniyyət İnstitutunun direktoru Coliboy Eltazarov isə türk xalqlarının dil və ədəbiyyat tarixində Əlişir Nəvainin müstəsna rolunu vurğulayıb. O bildirib ki, Nəvai irsi təkcə Özbəkistanda deyil, digər türk ölkələrində də maraqla öyrənilir və Azərbaycan alimləri də bu sahədə mühüm tədqiqatlar aparırlar.
Çıxış edən Almaz Ülvi Binnatova Əlişir Nəvai yaradıcılığına marağının uzun illər əvvəl yarandığını, böyük mütəfəkkirin irsini öyrənmək məqsədilə onun məzarını və tikdirdiyi mədrəsələri ziyarət etdiyini söyləyib. Alim Özbəkistanın elmi ictimaiyyəti ilə uzunmüddətli əməkdaşlığının nəticəsində bir sıra tədqiqatların ərsəyə gəldiyini bildirib. O, göstərilən diqqətə və səmimi qarşılanmaya görə tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.
Təqdimat çərçivəsində kitab mübadiləsi də aparılıb. Gənc iştirakçılar Əlişir Nəvai irsinin öyrənilməsində alimlərin mühazirələrinin və elmi müzakirələrin əhəmiyyətindən danışıblar.
Almaz Ülvi Binnatovanın monoqrafiyasının özbək dilində nəşri Azərbaycan ədəbiyyatşünaslığının nailiyyətlərinin Özbəkistanda tanıdılması, eləcə də iki ölkə arasında elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.