Mormonlar kilsəsinin üzvü: Dialoq münaqişələrin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır
Bakı, 28 oktyabr, AZƏRTAC
Hamımızın can atdığı məqsəd məhz insan ləyaqəti və onun rifahıdır. Bunlar münaqişələrin olmadığı şəraitdə mümkün olur. Münaqişə yarandıqda isə insan ləyaqətinə və rifahına aparan yol pozulur.
AZƏRTAC xəbər verir ki, bunu Mormonlar Kilsəsinin 12 Həvarilər Kvorumunun üzvü Gary Stevenson oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada interaktiv müzakirədə çıxış edərkən deyib.
"Bizim üzərimizə düşən missiya münaqişələrin qarşısını almağa yönəlmiş vəzifədir. Bu, sülh yaratmaq, sülh qurucuları olmaq missiyasıdır. Burada dinlərarası dialoqdan söhbət gedir. Bu dialoq yalnız dini liderlər arasında aparılmamalıdır. Bu prosesdə insanlar, xüsusilə də sülh qurucuları iştirak etməlidirlər. Dialoq münaqişələrin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır", - deyə o qeyd edib.