Bakı məktəblisi beynəlxalq konfransda qeyri-səlis məntiqə həsr olunmuş tədqiqatını təqdim edib
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakı şəhəri Binəqədi rayonu Nəriman Nərimanov adına 248 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Turan Səfərli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Sənaye avtomatlaşdırılması üçün intellektual sistemlər” (WCIS-2026) mövzusunda XIV Dünya Konfransında çıxış edib.
AZƏRTAC xəbər verir ki, Bakı məktəblisi beynəlxalq elmi tədbirdə qeyri-səlis məntiqə həsr olunmuş tədqiqatını təqdim edib.
Konfrans süni intellekt, intellektual sistemlər və sənaye avtomatlaşdırılması sahələrində elmi araşdırmaların, yeni yanaşmaların və tədqiqat nəticələrinin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayır. WCIS Dünya Konfransı professorlar Lütfi Zadə və Rafiq Əliyevin təşəbbüsü və dəstəyi ilə Beynəlxalq Süni İntellekt Assosiasiyası tərəfindən təşkil olunur. 2000-ci ildən etibarən iki ildən bir keçirilən konfrans sənaye avtomatlaşdırılmasında intellektual sistemlərin tətbiqi, süni intellekt və qeyri-səlis məntiq sahələrində elmi tədqiqatların müzakirəsinə həsr edilir. Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünyaşöhrətli alim Lütfi Zadənin elmi irsinin inkişaf etdirilməsi və bu sahədə tədqiqatların genişləndirilməsində professor Rafiq Əliyevin də mühüm xidmətləri var.
Turan Səfərlinin beynəlxalq elmi konfransda məqalə ilə çıxış etməsi məktəblilərin elmi tədqiqatlara cəlb olunmasının, onların intellektual potensialının inkişafının və süni intellekt sahəsində araşdırmalara marağının təşviqi baxımından əhəmiyyətlidir.