Siyasi şərhçi: Azərbaycançılıq ideologiyası milli birliyimizin və tarixi qələbəmizin əsasını təşkil edir
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycançılıq ideologiyası xalqımızın milli birliyinin, dövlətə sədaqətinin və müstəqil dövlətçilik ənənələrinin qorunmasının əsas dayaqlarından biridir. Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü bu ideya Azərbaycan cəmiyyətində yaşayan müxtəlif xalqları və etnik qrupları vahid məqsəd ətrafında birləşdirərək ölkəmizin inkişafına, milli həmrəyliyin möhkəmlənməsinə və ərazi bütövlüyümüzün bərpasına mühüm töhfə verib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını irəli sürməklə ölkədə milli həmrəyliyin möhkəmləndirilməsinin, vətəndaş qarşıdurmasının qarşısının alınmasının və iqtisadi inkişafın təməlinin qoyulmasının əsasını yaradıb. Onun hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin edilməsi, iqtisadiyyatın inkişafı və “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın gələcək gücünün formalaşmasında mühüm rol oynayıb.
E.Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sonrakı illərdə ölkənin iqtisadi potensialının gücləndirilməsi, milli kadr potensialının inkişaf etdirilməsi və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın qarşısında duran tarixi vəzifələrin həlli üçün imkanlar yaradıb. Nəticədə Azərbaycan öz iqtisadi və hərbi imkanlarına, milli birliyinə və xalqın dövlətə dəstəyinə arxalanaraq 30 ildən artıq işğal altında qalan torpaqlarını azad edib və ərazi bütövlüyünü bərpa edib.
“Vətən müharibəsi və antiterror əməliyyatı göstərdi ki, azərbaycançılıq ideologiyası yalnız nəzəri fikir deyil, xalqı vahid məqsəd ətrafında birləşdirən real qüvvədir. Azərbaycanı öz doğma vətəni hesab edən hər bir vətəndaş bu tarixi qələbənin əldə olunmasına töhfə verib. Xalqın və dövlətin birliyi, vətəndaşlar arasında qarşılıqlı hörmət və qardaşlıq münasibətləri qələbəmizin mühüm amillərindən olub. Azərbaycançılıq ideologiyasının mühüm xüsusiyyətlərindən biri ölkədə yaşayan bütün etnik qrupların hüquq bərabərliyinin və milli-mədəni dəyərlərinin qorunmasıdır”, - deyə o əlavə edib.
Azərbaycanın beynəlxalq nüfuzu və multikulturalizm ənənələri möhkəmlənir
Siyasi şərhçi Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələri də xüsusi qeyd edib. Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri müxtəlif mədəniyyətlərin, dinlərin və xalqların dinc yanaşı yaşamasına əsaslanır. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu təcrübənin dünya ictimaiyyətinə təqdim olunmasına, qarşılıqlı anlaşmanın və əməkdaşlığın genişlənməsinə imkan yaradır. Gələcəkdə İslam Əməkdaşlıq Təşkilatının sammitinin Azərbaycanda keçirilməsi, eləcə də 2028-ci ildə Avropa Siyasi Birliyinin tədbirinə ev sahibliyi edilməsi ölkəmizin beynəlxalq platformalardakı rolunun güclənməsi baxımından əhəmiyyətlidir.
“Azərbaycanın gələcək inkişafı milli həmrəyliyin qorunması, qarşılıqlı hörmətə əsaslanan cəmiyyətin möhkəmləndirilməsi və müstəqil siyasətin davam etdirilməsi ilə sıx bağlıdır. Azərbaycan Türkiyə və digər türk dövlətləri ilə münasibətlərin inkişafına, strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Azərbaycançılıq ideologiyası həm ölkə daxilində milli birliyin qorunmasının, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının mühüm amilidir. Vətən uğrunda fədakarlığa hazır olan, milli dəyərlərə və dövlətçilik prinsiplərinə bağlı yeni nəslin yetişməsi bu ideologiyanın cəmiyyətdəki təsirini göstərir”, - deyə Elşad Həsənov əlavə edib.