44 günün qəhrəmanları – BDU-da Zəfər tariximizə həsr olunmuş tədbir təşkil olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov, Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Azad Rzayev və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı səhifəsi olduğunu qeyd ediblər. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, Ordumuzun gücü və Vətən uğrunda mübarizə əzmi dünyaya nümayiş etdirilib. Bu şanlı tarix gələcək nəsillərə milli həmrəyliyin, vətənpərvərliyin və azadlıq uğrunda mübarizənin ən parlaq nümunəsi kimi ötürülməlidir. Vətən müharibəsində şəhid olanların hər birinin həyat yolu gənclərimiz üçün örnəkdir. Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin qızı, Tarix fakültəsinin II kurs tələbəsi Nigar Əliyeva və BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin qardaşı, fakültənin III kurs tələbəsi Kamal Şalıyev də çıxış edərək, bu qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildiriblər.
Sonra şəhidlərin qəhrəmanlıq yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsində Tarix fakültəsinin tələbələri tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.