“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bakı, 28 oktyabr, AZƏRTAC
“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalının növbəti nömrəsi (Cild 18. № 2 ) çapdan çıxıb. Baş redaktoru akademik Arif Paşayev olan bu jurnal müxtəlif aktual problemləri qabartmaqla elmi mühəndis düşüncəsinin mənbəyini göstərir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, ingilis və rus dillərində nəşr edilən jurnalın bu nömrəsində oxucular “Mexanika və maşınqayırma”, “Neft və qaz”, “İnformasiya texnologiyaları”, “Ekologiya” və “Geologiya” rubrikalarında müvafiq sahələrin aktual problemlərinə həsr edilmiş tədqiqatlarla tanış ola bilərlər.
Jurnalda dərc edilmiş “Tribologiya, süni intellekt, maşın öyrənməsi: Çoxelementli qarşılıqlı əlaqə”, “Anomal neft layının aşılma dərəcəsinə görə natamam yastı dibli istismar”, “Mobil rabitə inteqrasiyalı uzaqdan idarə olunan siqnalizasiya sistemləri üzrə tətbiqi tədqiqat”, “Azərbaycan şəraiti üzrə suya qənaət edən suvarma texnika və texnologiyalarının əsas işlənmə prinsipləri”, “Bittibulaq yatağının filizlərinin maddi tərkibinin araşdırılması” və digər məqalələr müvafiq sahələrin mütəxəssisləri, eləcə də tədqiqatçıları üçün maraqlı olacaq.
Xatırladaq ki, 2009-cu ilin noyabr ayından nəşr edilən jurnalın dövriliyi ildə 4 nömrəni əhatə edir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə namizədlik və doktorluq dissertasiyalarının nəticələrinin dərc olunması üçün daxil edilib.
Rusiyanın Elmi Sitat İndeksləşməsi (RESİ) layihəsinə daxil edilən jurnalın tam mətn elektron versiyası “Rusiya Universal Elmi Elektron Kitabxanasının bazası”na (e-library) yerləşdirilib. Jurnal Crossref təşkilatının üzvüdür. Çap olunmuş bütün məqalələrə DOI (Digital Object Identifier – Obyektin Rəqəmsal İdentifiatoru) verilir. Həmçinin jurnal International Scientific Indexing (ISI), Scientific Journal Impact Factor (SJIF), Cosmos Impact Factor (CIF), ASCI beynəlxalq elmi sitatlaşma bazalarına yerləşdirilib. Bundan əlavə, jurnala “Creative Commons Attribution – NonCommercial 4.0” beynəlxalq lisenziyası verilib. Jurnal “Index Copernicus” bazasının siyahısına daxil olub, “Scopus”, “Web of Science” beynəlxalq elmi sitatlama bazalarında yerləşdirilməyə təqdim olunub.
“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalının nəşr olunmasında məqsəd oxucuya elmin, texnikanın və texnologiyanın vacib sahələri üzrə lazımi məlumatların verilməsi ilə yanaşı, eyni zamanda, Azərbaycan elm və texnikasının dünya elminə inteqrasiya etməsinə kömək göstərməkdən ibarətdir.
Jurnal qabaqcıl elm, texnika və texnologiyanın nəticələrini inkişaf etdirməyə və ondan istifadə olunmasına, işlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə, təşəbbüskarlığın artırılmasına, qüvvələrin təmərküzləşməsinə kömək edir.