İbrahim Nəcm: Sülh quruculuğu insanların düşüncələri və vicdanları uğrunda mübarizə məsələsidir
Bakı, 28 oktyabr, AZƏRTAC
Sülh quruculuğu insanların düşüncələri, qəlbləri və vicdanları uğrunda mübarizə məsələsidir.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Fətva Evlərinin Baş katibi İbrahim Nəcm oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyanın interaktiv müzakirədə çıxış edərkən deyib.
O bildirib ki, rəhbərlik etdiyi təşkilatın 110 üzv dövləti var və Azərbaycan təşkilatın təsisçi üzvlərindən biridir. İbrahim Nəcm Azərbaycanın bu təşkilatda təmsil olunmasının böyük əhəmiyyət daşıdığını bildirib.
Baş katib qeyd edib ki, təşkilat iki əsas istiqamətdə – qabaqlayıcı və düzəldici tədbirlər üzrə fəaliyyət göstərir. Qabaqlayıcı tədbirlər çərçivəsində insanların maarifləndirilməsinə, onlarla əlaqələrin qurulmasına və dini savadlılığın artırılmasına xüsusi diqqət yetirilir.
İbrahim Nəcm vurğulayıb ki, dinin və mənəviyyatın yenidən gündəmə qayıtması, dialoqun əhəmiyyəti və mənəvi diplomatiyanın rolu dini liderlərə və icmalara konkret nümunələrlə izah edilməlidir.
Onun sözlərinə görə, mənəvi diplomatiya, din və dini liderlər siyasətçilərin və qərar qəbul edən şəxslərin çata bilmədikləri sahələrə nüfuz edə bilərlər. İnsanlarla ünsiyyət zamanı yalnız onların düşüncələrinə deyil, həm də vicdanlarına və qəlblərinə müraciət etmək vacibdir.