Debra Budro: Dinlərarası dialoq konkret fəaliyyət və humanitar təşəbbüslərlə müşayiət olunmalıdır
Bakı, 28 oktyabr, AZƏRTAC
Dinlərarası dialoq konkret fəaliyyət və əməkdaşlıqla müşayiət olunmalı, mərhəmət real və davamlı humanitar təşəbbüslərə çevrilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu “Buddhist Tzu Chi” Xeyriyyə Fondunun Beynəlxalq əlaqələr üzrə baş direktoru Debra Budroauks oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada interaktiv müzakirə zamanı deyib.
O bildirib ki, müxtəlif dinlərə mənsub insanlar ortaq mərhəmət dəyərləri ətrafında birləşərək humanitar sahədə birgə fəaliyyət göstərə bilərlər.
“Bizim eyni dinə mənsub olmağımız vacib deyil, əsas olan eyni mərhəmət hissini paylaşmağımızdır”, — deyə Debra Budro vurğulayıb.
Fondun nümayəndəsi çıxışında “mərhəmət infrastrukturu” anlayışına da diqqət çəkib. Onun sözlərinə görə, bu yanaşma yerli icmaları, dini liderləri, könüllüləri, humanitar resursları və tərəfdaşları vahid şəbəkədə birləşdirərək mərhəmətin praktiki və davamlı şəkildə həyata keçirilməsinə şərait yaradır.
O qeyd edib ki, dini təşkilatların yerli icmalarla sıx əlaqələri və mədəni ənənələrə bələd olmaları onların humanitar fəaliyyətdəki rolunu gücləndirir. Bununla yanaşı, mənəvi dəyərlər peşəkar humanitar imkanlar, dövlət qurumları, beynəlxalq təşkilatlar və davamlı resurslarla uzlaşdırılmalıdır.