Səbinə Hacıyeva: Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır
Bakı, 28 oktyabr, AZƏRTAC
Muzeylər və irs məkanları müxtəlif mədəniyyətlər, icmalar və sivilizasiyalar arasında dialoqun inkişafında, qarşılıqlı anlaşmanın və sosial həmrəyliyin gücləndirilməsində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən panel müzakirəsində səsləndirib. O, “Muzeylər və irs müəssisələri inklüzivlik, dialoq və sosial həmrəylik üçün iştirakçı məkanlar kimi” mövzusuna həsr olunmuş sessiyada çıxış edib.
Səbinə Hacıyeva bildirib ki, muzeylər yalnız tarixi və mədəni irsin qorunduğu məkanlar deyil, həm də insanların bir araya gəldiyi, fərqli təcrübələri bölüşdüyü və bir-birini daha yaxşı anladığı dinamik platformalardır.
Dövlət Xidmətinin rəisi Azərbaycanın əsrlər boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dini ənənələrin qovuşduğu məkan olduğunu vurğulayıb. O qeyd edib ki, ölkəmizdə Mədəniyyət Nazirliyinin tabeliyində 144 muzey fəaliyyət göstərir və bu müəssisələrdə 1,2 milyondan çox eksponat mühafizə olunur.
Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyətini nümunə göstərən S.Hacıyeva keçirilən sərgilərin, ustad dərslərinin və interaktiv proqramların mədəniyyətlərin tanıdılması, həmçinin ictimai iştirakçılığın təşviqi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Səbinə Hacıyeva vurğulayıb ki, mədəniyyətlərarası dialoqun inkişafı üçün ziyarətçilərin öz təcrübələrini bölüşməsi, fərqli baxışları dinləməsi və irsin şərhində fəal iştirak etməsi vacibdir. İnsanlar öz tarixlərini, kimliklərini və təcrübələrini mədəniyyət müəssisələrində gördükdə bu məkanlar daha inklüziv olur, qarşılıqlı hörmət və mənsubiyyət hissi güclənir.