Buğdanın perspektivli seleksiya materiallarının yaradılması ilə bağlı tədqiqat aparılır
Bakı, 28 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının təcrübə sahəsində elmi-tədqiqat məqsədilə payızlıq buğdanın əkini işlərində iştirak ediblər.
Molekulyar Biologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, cari mövsümdə sahə təcrübələrinə yerli və xarici mənşəli buğda sortları, perspektivli sort-sınaq nümunələri, eləcə də Almaniyanın Osnabrük Tətbiqi Elmlər Universiteti ilə beynəlxalq elmi əməkdaşlıq çərçivəsində əldə edilmiş buğda genetik materialları cəlb olunub.
Əməkdaşlıq çərçivəsində yerli və xarici sortların çarpazlaşdırılmasından alınmış birinci (F₁) və ikinci (F₂) nəsil hibridlər də sahə şəraitində əkilib. Eyni zamanda, bütöv genom üzrə assosiasiya analizi (GWAS) tədqiqatlarına cəlb olunmuş buğda populyasiyası da cari ildə təkrar əkinə daxil edilib. Aparılan tədqiqatlar sahə şəraitində əldə edilən fenotipik məlumatların molekulyar-genetik analizlərin nəticələri ilə əlaqələndirilməsinə, quraqlığa davamlı və yüksək məhsuldarlıq potensialına malik buğda genotiplərinin seçilməsinə, həmçinin beynəlxalq elmi əməkdaşlıq əsasında perspektivli seleksiya materiallarının yaradılmasına xidmət edir.