İren Kitsou-Milonas: "Dini dözümsüzlük və nifrət insan hüquqları çərçivəsində həllini tapmalıdır
Bakı, 28 oktyabr, AZƏRTAC
Dini dözümsüzlük, antisemitizm, müsəlmanlara qarşı nifrət və islamofobiya insan hüquqları çərçivəsində həllini tələb edən məsələlərdir.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Şurası Baş katibinin antisemitizm, müsəlmanlara qarşı nifrət və dini dözümsüzlüyün bütün formaları üzrə Xüsusi Nümayəndəsi İren Kitsou-Milonas oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada interaktiv müzakirədə çıxış edərkən deyib.
Nümayəndənin sözlərinə görə, Avropa Şurasının üzv dövlətlər tərəfindən qəbul edilmiş qərar və tövsiyələri, eləcə də ratifikasiya olunmuş konvensiya və müqavilələri əhatə edən zəngin normativ-hüquqi bazası mövcuddur.
“Bu normativ-hüquqi bazadan nifrətin və dözümsüzlüyün qarşısını almaq, dini tolerantlığı təşviq etmək üçün istifadə etmək mümkündür”, - deyə o bildirib.
İren Kitsou-Milonas fəaliyyətinin əsas istiqamətlərindən birinin mövcud müqavilələrin dini dözümsüzlük probleminin həllinə necə tətbiq olunacağını araşdırmaqdan ibarət olduğunu qeyd edib. Bu prosesə Avropa Şurasına üzv olan 46 dövlətin hökumət ekspertləri də cəlb edilib.
O vurğulayıb ki, hüquqi və texniki addımlar mütləq dialoqla tamamlanmalıdır. Nümayəndənin fikrincə, kollektiv məsuliyyətin təmin olunması üçün hüquqi mexanizmlər, diplomatik səylər və dinc dialoq bir-biri ilə vəhdət təşkil etməlidir.