Milli birlik və müstəqil siyasət Azərbaycanın beynəlxalq nüfuzunun əsasını təşkil edir - ŞƏRH
Bakı, 28 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın müasir dünyada siyasi mövqeyini, dövlətçilik fəlsəfəsini, milli ideoloji əsaslarını və beynəlxalq münasibətlər sisteminə baxışını əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan Forumda dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan üçün mədəniyyətlərarası dialoq yalnız humanitar əməkdaşlıq istiqaməti deyil, eyni zamanda, beynəlxalq təhlükəsizliyin, qarşılıqlı etimadın, dayanıqlı inkişafın və dövlətlərarası münasibətlərin sağlam əsaslar üzərində qurulmasının mühüm vasitəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Deputat qeyd edib ki, Forumun əhəmiyyəti yalnız iştirakçıların coğrafiyası və sayı ilə məhdudlaşmır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2000-dən artıq qeydiyyatdan keçmiş iştirakçının və 100-dən çox ölkədən 500-dən artıq qonağın bir araya gəlməsi son 15 ildə formalaşmış beynəlxalq platformanın nüfuzunu göstərir. Azərbaycanın təşəbbüsü ilə 2011-ci ildə əsası qoyulan Forum müxtəlif sivilizasiyaların, dinlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən, qlobal gündəlikdəki aktual məsələlərin müzakirəsinə şərait yaradan mühüm dialoq məkanına çevrilib. BMT-nin Sivilizasiyalar Alyansı və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində inkişaf edən bu platforma Azərbaycanın qlobal proseslərdə fəal iştirakını və beynəlxalq təşəbbüslərə töhfəsini nümayiş etdirir. Müasir dünyada geosiyasi qarşıdurmaların, müharibələrin, dini və etnik zəmində ayrı-seçkiliyin, ideoloji qütbləşmənin gücləndiyi bir şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da artır. Dialoq yalnız fikir mübadiləsi deyil, həm də münaqişələrin qarşısının alınmasına, etimad mühitinin formalaşmasına və ortaq maraqların müəyyənləşdirilməsinə xidmət edən siyasi və mənəvi mexanizmdir. Azərbaycanın Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi, əsrlər boyu müxtəlif mədəniyyətlərin qarşılıqlı təsir göstərdiyi məkan olması ölkəmizin multikulturalizm ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Bununla belə, Azərbaycanın üstünlüyü yalnız coğrafi mövqeyi və tarixi irsi ilə müəyyənləşmir. Əsas məsələ bu irsin müasir dövlətçilik prinsipləri, hüquqi təminatlar və ictimai birliyi möhkəmləndirən siyasi iradə ilə uzlaşdırılmasıdır. Azərbaycanın multikulturalizm modeli etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınmasına, milli-mənəvi dəyərlərə hörmətə və ictimai həmrəyliyin qorunmasına əsaslanır. Milli birlik yalnız dinc dövrdə deyil, tarixi sınaqlar zamanı da özünü təsdiqləyib. Ermənistanın hərbi təcavüzü, İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan cəmiyyətinin.
Mehriban Vəliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi məsələləri də mühüm yer tutub. Uzun illər münaqişənin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların nəticəsiz qalması və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamənin icra olunmaması beynəlxalq hüququn tətbiqindəki problemləri üzə çıxarıb.
Deputat xatırladıb ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası regionda yeni geosiyasi reallıq yaradıb. Cənubi Qafqazda münasibətlərin gələcək inkişafı suveren dövlətlərin ərazi bütövlüyü, qarşılıqlı tanınma və sülh prinsipləri əsasında qurulmalıdır. Deputatın fikrincə, enerji resurslarının etibarlı təchizatı, nəqliyyat dəhlizlərinin inkişafı, regional bağlantıların genişləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın beynəlxalq sistemdəki rolunu artıran əsas amillərdəndir. Ölkənin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bu siyasətin mühüm istiqamətlərindəndir.
Mehriban Vəliyeva bildirib ki, İslam dünyası, Avropa və Asiya ölkələri ilə əlaqələrin inkişafı fərqli siyasi və mədəni məkanlar arasında əməkdaşlıq imkanlarını artırır. Bu yanaşma Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə xarici siyasət prioritetləri arasında əlaqəni gücləndirir.
Deputat Azərbaycanın iqtisadi dayanıqlılığının da müstəqil siyasətin mühüm dayaqlarından biri olduğunu qeyd edib. Prezident İlham Əliyevin ölkənin xarici borcunun ümumi daxili məhsulun 5 faizindən bir qədər artıq olması ilə bağlı açıqlamasına toxunan Mehriban Vəliyeva bildirib ki, aşağı borclanma səviyyəsi maliyyə sabitliyinin qorunmasına və xarici iqtisadi risklərə qarşı dayanıqlılığın artırılmasına imkan verir. Bununla yanaşı, iqtisadi potensialın uzunmüddətli inkişafa çevrilməsi üçün iqtisadiyyatın şaxələndirilməsi, yeni texnologiyaların tətbiqi, insan kapitalının inkişafı və qeyri-neft sektorunun gücləndirilməsi vacibdir.