“Onun balalarını heç vaxt tək qoymayacam...” - Bərdə terrorundan 6 il ötür
Bərdə, 28 oktyabr, AZƏRTAC
Elə hadisələr var ki, üstündən illər keçsə də, yaddaşlardan silinmir. Bəzi itkilərin ağrısı isə zamanla azalmır, insanın həyatının bir parçasına çevrilir. Bərdə sakinləri üçün 2020-ci il oktyabrın 28-i məhz belə tarixlərdəndir. Həmin gün Ermənistan silahlı qüvvələri tərəfindən şəhərə endirilən raket zərbələri nəticəsində dinc insanlar öldürüldü, uşaqlar valideynsiz, ata-analar övladsız qaldı...
Aradan altı il ötsə də, həmin günün ağrısı faciə şahidlərinin yaddaşında hələ də ilk günkü kimi təzədir. Bərdə terrorunun miqyası təkcə həlak olanların və yaralananların sayı ilə ölçülmür. Bu rəqəmlərin arxasında yarımçıq qalmış ömürlər, puç olan arzular, alt-üst olmuş talelər və əzizlərinin yoxluğu ilə barışmağa məcbur qalan insanlar dayanır.
Faciənin ildönümündə hadisənin canlı şahidləri və doğmalarını itirənlərlə həmsöhbət olan AZƏRTAC-ın bölgə müxbiri, o məşum gündən ötən illəri və bu gün də səngiməyən kədəri onların dilindən qeydə alıb.
Tarix: 28 oktyabr 2020-ci il
Hədəf: Bərdə şəhərinin dinc əhalisi və mülki infrastrukturu
Tətbiq edilən silah növü: Beynəlxalq konvensiyalarla qadağan olunmuş kasetli raketlər
Həlak olanlar: 21 nəfər
Yaralananlar: 70 nəfər
Dəyən maddi ziyan: Yaşayış binaları, fərdi evlər, kommersiya obyektləri və nəqliyyat vasitələri daxil olmaqla, çoxsaylı mülki infrastruktur obyekti ciddi şəkildə dağıdılıb və zədələnib.

“O hadisə heç vaxt yadımdan çıxmaz”
Bərdə terrorunun canlı şahidlərindən biri də Elçin Şirinovdur. Həmin gün taksi fəaliyyəti ilə məşğul olan Elçin raket zərbəsi endirilən an avtomobilində idi. Cəbhədən gələn qələbə müjdələrinin hər kəsə böyük sevinc bəxş etdiyi bir vaxtda qəfil baş verən bu qanlı hadisə onun ömründə silinməz iz qoyub.
“2020-ci il oktyabrın 28-də həmişəki kimi öz işimizdə idik. Mən də burada taksi fəaliyyəti ilə məşğul idim. Cəbhədə döyüşlər gedirdi, ordumuzdan şad xəbərlər eşidirdik, hamı sevinirdi. Bir anlıq partlayış oldu, nə qulağım eşitdi, nə gözüm gördü. Ayıldım ki, maşının içində yaralanmışam, maşın da yanır. Ayağım pis halda idi, güclə maşından çıxdım. Həmin vaxt burada o qədər səs-küy var idi ki, maşınlar yanırdı. Vəziyyət çox acınacaqlı idi. Məni xəstəxanaya apardılar. Çox sayda qəlpə yarası almışdım. Bir ayağım amputasiya oldu. Hər bura gələndə o günləri xatırlayıram, görürəm, yaşayıram. O hadisə heç vaxt yadımdan çıxmaz”.

Elçin Şirinovun həyatında həmin günün izləri bu gün də qalır. Aldığı xəsarətlər onun həyatını dəyişib, yaşadığı sarsıntı isə yaddaşında silinməz iz qoyub. Hadisənin baş verdiyi əraziyə hər gəlişində o, altı il əvvəl yaşadığı dəhşətli anlara qayıdır. Onun danışdıqları faciənin yalnız həmin vaxt deyil, sonrakı illərdə də insan talelərində yaşamaqda davam etdiyini göstərir.
“Ən böyük arzusu uşaqlarının əlindən tutub məktəbə aparmaq idi”
Məleykə Cəfərova üçün isə həmin gün təkcə həyat yoldaşı Amilin itkisi deyil, iki övladının atasız qalması ilə də yadda qalıb.
Məleykə Cəfərova oktyabrın 28-də baş verənləri, həyat yoldaşı ilə son danışığını və onun ölüm xəbərini necə aldığını ağrı ilə xatırlayır: “Yoldaşım mağazada meyvə-tərəvəz satışı ilə məşğul idi. Oktyabrın 28-də günorta qayınatam gəldi ki, yoldaşıma yemək aparsın. Bu vaxt səs-küy oldu, çıxdıq gördük hamı harasa gedir. Mən uşaqları götürdüm, qonşuya keçdim, qayınatam isə getdi yoldaşımın yanına, mağazaya. Amma gözlədim gəlmədi. Mən də getmək istədim, qoymadılar. Dedilər yoldaşım sağdır, amma yaralıdır. Sonradan bildim ki, yoldaşım rəhmətə gedib, bizi qoyub gedib... 2015-ci ildə ailə qurmuşduq. İki övladımız var. O vaxt qızımız Aysu kiçik idi. Amilin ən böyük arzusu o idi ki, Aysu ona ata desin və uşaqların əlindən tutub məktəbə aparsın... Təəssüf olsun ki, arzusu həyata keçmədi.”

Amil Cəfərovun gerçəkləşməyən arzusu bu ailənin yaşadığı itkinin ağırlığını daha aydın ifadə edir. Bir vaxtlar övladlarının əlindən tutub məktəbə aparmaq istəyən ata indi onların yaddaşında və anasının xatirələrində yaşayır. Məleykə Cəfərova üçün isə ən ağır anlardan biri uşaqlarının atasını soruşduğu, onun yoxluğunu izah etməkdə çətinlik çəkdiyi anlardır.
“Ölənə qədər onların yükünü daşıyacam”
Bərdə terrorunda həyatını itirənlərdən biri də Ruslan Abbasovdur. Bərdədə ət kəsimi və satışı ilə məşğul olan Ruslanın ölümü ailəsinin həyatında dərin boşluq yaradıb. Anası Səadət Abbasova faciə xəbərini eşidəndən sonra oğlunu axtarmağa başlayıb. Ancaq onun axtarışları ağır xəbərlə nəticələnib.
“Oturmuşduq evdə, gördük səs gəldi. Dedilər ki, şəhəri vurublar. Yoldaşım getdi, amma balamı tapmadı. Mən özüm də yürüyə-yürüyə xəstəxanaya getdim, balamı tapma bilmədim. Dedilər ki, balan şəhid olub... Bu gün oğlumun iki balasına baxıram. İki ağır yükü var, mənim çiynimdə. Mən ölənə qədər onların yükünü daşıyacağam, onun yoldaşının yükünü daşıyacam. Mən onun balalarını heç vaxt tək qoymayacam”, - deyir Səadət xanım.

Ana üçün oğul itkisi ilə barışmaq nə qədər çətin olsa da, nəvələrinə sahib çıxmaq onun həyatının əsas məqsədinə çevrilib. Səadət Abbasovanın sözlərində həm övlad həsrəti, həm də ailəni bir arada saxlamaq əzmi duyulur. O, oğlunun yoxluğunu heç nə ilə doldura bilməsə də, onun övladlarını tək qoymamaqla ailənin gələcəyinə sahib çıxmağa çalışır.
Ruslan Abbasovun həyat yoldaşı Lamiyə Nəsirova onu qayğıkeş ata, yaxşı həyat yoldaşı və mərhəmətli insan kimi xatırlayır. Aradan altı il keçməsinə baxmayaraq, yaşananlara inanmaq onun üçün hələ də çətindir: “Mən Ruslandan çox şey danışa bilərəm. O, gözəl həyat yoldaşı, gözəl ata idi. Mədəniyyəti, insanlığı, mərhəməti ilə tanınırdı. Hadisə baş verən zaman evdə idik. Günorta atəş səsləri eşitdik. Atası getdi, qayıdıb dedi ki, balam orada yoxdur. Anası getdi xəstəxanaya, ana da gəldi. Mən inanmadım. Təcili yardım maşını gələndə qışqırdım ki, Ruslan gəldi, amma qırmızı tabutu görəndə, həyatım məhv oldu. Ruslan ata-anasını mənə, məni və iki övladını isə ata-anasına əmanət qoyub getdi. Biz bir-birimizə dayağıq. Biz Ruslanı yaşatmalıyıq. Yaşatmaq üçün də bir-birimizə dəstək olmalıyıq”.

Yaddaşlarda yaşayan faciə
Bərdə terrorunun üstündən altı il keçib. Həmin gün yaralananlar aldıqları xəsarətlərin, doğmalarını itirənlər isə ayrılığın ağrısını bu gün də yaşayırlar. Bu insanların hər birinin hekayəsi fərqli olsa da, onları birləşdirən ortaq bir həqiqət var: zaman keçsə də, itkinin yeri dolmur. Bərdə sakinləri üçün 28 oktyabr sadəcə təqvimdə bir tarix deyil. Bu, itirilən doğmaların, yarımçıq qalan arzuların və illər keçsə də unudulmayan bir faciənin tarixidir.
Müxbir – Tahir Ağaməmmədov