Özbəkistan Prezidentinin müşaviri: Dini tolerantlığın inkişafı ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Özbəkistan və Azərbaycan xalqlarını çoxəsrlik tarixi əlaqələr, ortaq dil və mədəniyyət, eləcə də möhkəm dostluq telləri birləşdirir. Böyük mütəfəkkirlərimiz Əlişir Nəvainin və Nizami Gəncəvinin əvəzsiz irsi xalqlarımızın mənəvi yaxınlığının parlaq rəmzidir. Daşkənddə Nizami Gəncəvinin, Bakıda isə Əlişir Nəvainin xatirəsinə göstərilən yüksək ehtiram bu tarixi bağların daha da möhkəmləndiyini nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Prezidentinin Din və Təhsil Məsələləri üzrə müşaviri Müzəffər Kamilov oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.
"Bu gün əməkdaşlığımız siyasi, iqtisadi, elm və təhsil sahələrində ardıcıl şəkildə inkişaf edir. Əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də dini tolerantlığın inkişaf etdirilməsidir. Bu mühüm sahədə ölkələrimizin rəhbərlərinin baxışları bir-biri ilə səsləşir", - deyə o əlavə edib.