Noyabrın 2-dən növbəti epizootoloji monitorinqlərə başlanılır
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə vəhşi və ev quşları üzrə quş qripi və Nyukasl xəstəliklərinə qarşı noyabrın 2-dən 6-dək növbəti epizootoloji monitorinq keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Monitorinq Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublika ərazisində risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonaları və digər ərazilərini əhatə edəcək.
Monitorinq çərçivəsində ümumi baxış keçiriləcək və xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Eyni zamanda, sənayeəsaslı müxtəlif quşçuluq müəssisələrində, rayon və şəhərlərdəki ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə, ölkə üzrə quşçuluq müəssisələrinə, fərdi təsərrüfatlara, su hövzələrinə və parklara baxış keçirilməklə, baytarlıq norma və qaydalarına ciddi əməl olunması üçün maarifləndirmə-təbliğat tədbirləri də həyata keçiriləcək.
Tədbirlər müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq.