İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb – YENİLƏNİB
Bakı, 28 oktyabr, AZƏRTAC
İspaniyanın Kastiliya-La-Mança muxtar əyaləti hökumətinin məlumatına görə, Toledo əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb, çox sayda insan ağır xəsarət alıb. AZƏRTAC “El Diario” qəzetiə istinadla xəbər verir ki, qəza zamanı dörd vaqon relsdən çıxıb. Urda bələdiyyəsinin ərazisində qəzaya uğrayan AVE və “Iryo” qatarlarında 500-dən çox sərnişin olub.
Hökumət mənbələrinin məlumatına görə, ilkin araşdırmalar qəzanın mümkün səbəblərindən birinin insan amili olduğunu göstərir. Ehtimal edilir ki, Atoça idarəetmə mərkəzinin əməkdaşı dəmir yolu xəttinin “Iryo” qatarı tərəfindən bağlanmasına və işıqforun qırmızı siqnal verməsinə baxmayaraq, “Renfe” şirkətinə məxsus qatarın maşinistinə hərəkəti davam etdirmək barədə göstəriş verib. Beləliklə, həmin əməkdaş “Renfe” qatarının maşinistinə qırmızı siqnalı keçməyə icazə vermiş ola bilər. Nəticədə hərəkətsiz vəziyyətdə olan “Iryo” qatarı ilə toqquşma baş verib.
Hökumət və siyasi partiyalar seçkiqabağı kampaniyanın ilkin mərhələsində planlaşdırılan tədbirlərini dayandırıblar. Muxtar əyalətlər Kastiliya-La-Mança bölgəsinə yardım göstərməyə hazır olduqlarını bildiriblər. Bölgədə çoxlu sayda təcili yardım və fövqəladə hallar xidmətləri zərərçəkənlərə yardım göstərir.
Madridlə Əndəlus arasında yüksəksürətli qatarların hərəkəti növbəti bildirişədək dayandırılıb. İspaniyanın dəmir yolu infrastrukturunun idarə edilməsinə cavabdeh olan “Adif” şirkəti isə zərərçəkənlərə dəstək göstərilməsi üçün Madrid, Kordova və Sevilya şəhərlərində yardım məntəqələri yaradıb.