Deputat: Azərbaycançılıq ideologiyası bizi Zəfərə aparan milli birliyin təməlidir
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz ciddi siyasi təlatümlər, qarşıdurmalar və mürəkkəb proseslərlə üzləşib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasında, milli həmrəyliyin təmin edilməsində və dövlətçiliyin möhkəmləndirilməsində azərbaycançılıq ideologiyası mühüm rol oynayıb. Xalqın vahid ideya və məqsəd ətrafında birləşdirilməsi ölkəmizin gələcək uğurlarının əsasını qoyub, milli birliyin güclənməsinə və Azərbaycanın müstəqil dövlət kimi potensialının artmasına şərait yaradıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
“Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə ölkənin inkişafında yeni mərhələ başlandı. Həmin dövrdə atılan mühüm addımlardan biri Azərbaycan xalqının azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi idi. Xalqın vahid ideologiya, düşüncə və milli məqsəd ətrafında birləşdirilməsi strateji əhəmiyyət daşıyırdı. Məhz bu birliyin təməli sonrakı mərhələdə Azərbaycanın qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin yeni uğurlara doğru irəliləməsi üçün mühüm zəmin yaratdı. Azərbaycançılıq ideologiyası Azərbaycanın qələbəsini və zəfərini möhkəmləndirən, ölkəni yeni nailiyyətlərə doğru inamla aparan əsas amillərdən biridir. Bu ideya dövlətimizin güclənməsinə, potensialının və imkanlarının genişlənməsinə, müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edib. Bu gün əldə olunan uğurların təməlində də Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət və onun formalaşdırdığı milli birlik dayanır”, - deyə o vurğulayıb.
Deputat qeyd edib ki, azərbaycançılıq ideologiyasının mühüm nəticələrindən biri ölkədə yaşayan müxtəlif etnik qrupların vahid dövlətçilik ideyası ətrafında birləşməsi və milli həmrəyliyin təmin olunmasıdır. Bu siyasət, eyni zamanda, ölkəmizin daxili işlərinə müdaxilə cəhdlərinin qarşısının qətiyyətlə, uzaqgörənliklə və prinsipiallıqla alınmasında da özünü göstərib. Müasir dövrdə dünyada geosiyasi rəqabət güclənir, dövlətlərin daxili işlərinə müdaxilə məsələsi beynəlxalq münasibətlərin aktual problemlərindən biri olaraq qalır. Belə bir şəraitdə milli birliyin qorunması, cəmiyyətin dayanıqlılığının təmin edilməsi və dövlət suverenliyinin müdafiəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş qərarların icrasını təmin etməsi ölkəmizin milli iradəsinin və dövlətçilik potensialının göstəricisidir.
“Azərbaycanın əldə etdiyi nailiyyətlər və artan imkanları ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə şərait yaradır. Bu proses Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun və nüfuzunun artmasına, müxtəlif tərəfdaşlarla əməkdaşlığın genişlənməsinə imkan verir. Azərbaycançılıq ideologiyası ətrafında milli birliyin və həmrəyliyin qorunması bu gün də ölkəmizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Cəmiyyətin dayanıqlılığının təmin edilməsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi xalqın vahid məqsəd ətrafında birləşməsi ilə sıx bağlıdır”, - deyə deputat əlavə edib.