BDU Rumıniyanın Buxarest İqtisadi Elmlər Universiteti ilə əlaqələrini genişləndirir
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Rumıniyanın Buxarest İqtisadi Elmlər Universitetinin rektoru Nikolae İstidorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı rektor Elçin Babayev ali təhsil sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, elmi potensialın gücləndirilməsi və universitetlər arasında beynəlxalq əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində iqtisadiyyat üzrə 4 kafedranın fəaliyyət göstərdiyini xatırladıb, iqtisadiyyatın ən müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Buxarest İqtisadi Elmlər Universitetinin rektoru Nikolae İstidor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib. Rektor bildirib ki, 1913-cü ildə əsası qoyulan universitetdə 13 fakültə fəaliyyət göstərir, ingilis, fransız, alman dillərində təhsil proqramları da mövcuddur.
Görüşdə iki universitet arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, akademik təcrübə mübadiləsi və beynəlxalq layihələrdə iştirak imkanları müzakirə olunub.
Sonda Buxarest İqtisadi Elmlər Universitetinin rektoru Nikolae İstidor BDU-nun infrastrukturu ilə tanış olub.