Tacikistanlı nümayəndə: Bakı Forumu gənclərin beynəlxalq dialoqda fəal iştirakına imkan yaradır
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələrin və mədəniyyətlərin nümayəndələri arasında dialoq üçün mühüm platformadır. Bu tədbir gənclərə öz fikirlərini bildirmək, təcrübələrini bölüşmək, həm yaşlı nəslin nümayəndələrinin, həm də digər ölkələrdən olan gənclərin təcrübəsindən yararlanmaq imkanı verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Tacikistan nümayəndəsi Dinora Açılova deyib.
O bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) 2025-ci il üzrə Mərkəzi Asiya üçün “Gənc Sülh Qurucuları” proqramı çərçivəsində Tacikistandan üç nümayəndə tədbirə qatılıb.
İctimai səhiyyə sahəsində çalışdığını qeyd edən D.Açılova beynəlxalq forumlarda tibb işçilərinin iştirakının əhəmiyyətinə də toxunub: “Tibb sahəsinin nümayəndələri beynəlxalq forumlarda və diplomatik müzakirələrdə o qədər də tez-tez iştirak etmirlər. Halbuki bütün sahələrin təmsilçiləri belə müzakirələrə cəlb olunmalıdırlar. Çünki münaqişələr, xüsusilə hərbi qarşıdurmalar zamanı həkimlər onların nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayırlar. Buna görə də tibb sahəsi nümayəndələrinin fikirləri nəzərə alınmalıdır”.
Forumun gənclər üçün yaratdığı imkanlardan danışan tacikistanlı nümayəndə vurğulayıb ki, adətən, gənclərə proseslərin fəal iştirakçıları kimi deyil, daha çox həyata keçirilən təşəbbüslərdən faydalanan tərəf kimi yanaşılır. Lakin bu forum onların beynəlxalq dialoqa fəal şəkildə qoşulmasına, öz mövqelərini ifadə etməsinə şərait yaradır.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən D.Açılova ölkəmizlə bağlı təəssüratlarını da bölüşüb. Onun sözlərinə görə, səfər çərçivəsində əvvəlcə Qubada təşkil olunan düşərgədə iştirak ediblər. Burada müxtəlif idman tədbirləri keçirilib, həmçinin Azərbaycanın tarixi və təbiəti ilə tanış olmaq imkanı yaradılıb.
“Daha sonra Bakıda bizim üçün şəhər turu təşkil olundu. Nizami küçəsini gəzdik, müşahidə meydançasından şəhərin mənzərəsini seyr etdik, funikulyorla hərəkət etdik və İçərişəhəri ziyarət etdik. Həmçinin Azərbaycan mətbəxi ilə tanış olduq. Bütün bunlar ölkənizin mədəniyyətini daha yaxından tanımağımıza kömək etdi”, – deyə o əlavə edib.
Müxbir – Lalə Minasazova