Bakıda 150 müəssisə 1000-dən artıq vakansiya təqdim edib
Bakı, 28 oktyabr, AZƏRTAC
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Sərhədçi” İdman Olimpiya Mərkəzində növbəti əmək yarmarkası təşkil edib. Yarmarkanın keçirilməsində məqsəd işsiz və işaxtaran vətəndaşlarla işəgötürənlərin görüşünün təşkil edilməsi, real bazardakı vakansiyaların onlara təqdim olunması və bu vakansiyalar vasitəsilə vətəndaşların işlə təmin edilməsinə dəstək göstərməkdir.
AZƏRTAC-ın tədbirin açılış mərasimində iştirak edən əməkdaşları xəbər verir ki, budəfəki əmək yarmarkasında 150 müəssisə tərəfindən 1000-dən artıq vakansiya təqdim olunub.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev əmək yarmarkalarının vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi, mövcud vakansiyalar barədə məlumatlandırılması və işəgötürənlərlə birbaşa əlaqələrinin qurulması baxımından əhəmiyyətini qeyd edib. O, aktiv məşğulluq tədbirlərinin təşkilində Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev aktiv məşğulluq tədbirlərindən biri olan əmək yarmarkalarının əhalinin məşğulluğunun təmin edilməsində effektiv alətlərdən biri olduğunu bildirib. Nazir müavini cari ildə də 200-ə yaxın əmək yarmarkasının keçirildiyini, bu aktiv məşğulluq tədbirlərinin işaxtaran şəxslərlə işəgötürənlər arasında birbaşa əlaqənin qurulmasına, vakansiyalar barədə məlumatlılığın artırılmasına imkan yaratdığını vurğulayıb.
Daha sonra stendlərə yaxınlaşan rəsmilər və vətəndaşlar vakansiyalarla tanış olublar.
Şirkətlərdən birinin işə qəbul üzrə mütəxəssisi Səbinə Osmanova AZƏRTAC-a açıqlamasında deyib ki, əmək yarmarkasında ikinci dəfə iştirak edir: “Səkkiz vakansiya təqdim etmişik, namizədləri axtarırıq. Gün ərzində müxtəlif vakansiyalar üzrə müraciət edən uyğun namizədlərimiz olub. Günün sonunda ümumi qiymətləndirməyə əsasən onlarla əlaqə saxlayacağıq. Belə yarmarkalardan bizə müraciət edənlər arasında uyğun namizədlər olur”.
Məşhur elektronika şirkətində işə qəbul üzrə aparıcı mütəxəssis olan Bəşir Vəliyev AZƏRTAC-a bildirib ki, əvvəllər də əmək yarmarkalarında iştirak edib. “Müraciət edən namizədləri müsahibəyə dəvət edirik. Onlardan daha uyğun olanları işə cəlb edirik”, - deyə o vurğulayıb.
Tanınmış mağazalar şəbəkəsinin insan resursları üzrə mütəxəssisi Səidə Ağayeva təmsil etdiyi qurumun bütün əmək yarmarkalarında aktiv iştirak etdiyini, müraciət edənlərdən bəzilərinin işə qəbul olunduğunu diqqətə çatdırıb. O həmçinin deyib ki, işaxtaranlar yeni texnologiyaya və əmək bazarına uyğunlaşmalı, özlərini inkişaf etdirməlidirlər.
Dövlət proqramı ilə Almaniyada təhsil alan Ülvi Həsənov isə ikinci dəfə əmək yarmarkasına gəldiyini bildirib: “Maraqlı, potensial olaraq gələcəkdə işim ola biləcək vakansiyalar var. Başlanğıc üçün maaş önəmli deyil. Növbəti mərhələlər üçün iş yerinin potensialı, karyera imkanları vacibdir”.
Xaricdə təhsil alaraq Vətənə dönən gənclərdən biri olan Leyla Əkbərova yarmarkada əsasən data analitikası ilə maraqlandığını vurğulayıb:”Data analitikası sahəsində, kompüter mühəndisliyi ilə bağlı təhsil almışam. Bu sahədə əvvəllər işləmişəm”.
Əvvəllər şirkətlərdə mühafizəçi və digər işlərdə çalışdığını bildirən Cəlal Əbülhəsənov yarmarkaya iş tapmaqla bağlı böyük ümidlə qatıldığını diqqətə çatdırıb:” Dedilər ki, burada ilin ən böyük əmək yarmarkası keçirilir. İştirak etmək qərarına gəldim. Hər şey öz qaydasındadır”.
İyirmi ildən çox iş təcrübəsi olan Sevinc Mustafayeva da yarmarkada yeni iş yeri tapacağına inandığını qeyd edib: “İşlə əlaqədar yarmarkaya müraciət etmişəm. Bu gün böyük bir əmək yarmarkası olduğuna görə buraya gəlmişəm”.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müavini Ramal Quluzadə jurnalistlərə açıqlamasında əmək yarmarkalarında müxtəlif istiqamətlər üzrə təlim proqramlarının, təqdimatların keçirildiyinə diqqət çəkib: “Bu, həm işaxtaranlarımızın sayı, həm təqdim edilmiş vakansiyaların sayının həcminə görə böyük bir yarmarkadır. Ümid edirik ki, bu yarmarkada həm iştirakçı sayı, həm də işlə təminetmə ilə bağlı nəticələr kifayət qədər yüksək olacaq.Təqdim edilmiş vakansiyalar isə həm dövlət, həm də qeyri-dövlət sektorunda kifayət qədər fərqli iqtisadi fəaliyyət növləri üzrə vakansiyalar təqdim edilib. Burada emal sənayesi, maliyyə-mühasibatlıq, bank sektoru, istehsalat və digər sahələr üzrə vakansiyalar təqdim olunub”.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyininn tabeliyindəki Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da yarmarkada stendləri ilə təmsil olunub. İşsiz və işaxtaran vətəndaşlara peşə hazırlığı kursları, həmin kurslara müraciət qaydaları barədə ətraflı məlumat verilib. Yarmarka çərçivəsində Mərkəzi Karyera Filialı tərəfindən iştirakçılara peşəyönümü məsləhət xidməti ilə bağlı məlumatlandırma təlimi də keçirilib.
Müxbir - Nailə Həsənova