TÜRKPA-nın Baş katibi Türkiyədə bir sıra görüşlər keçirib
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TÜRKPA-nın 15-ci Assambleya Şurasının və 15-ci plenar iclasının nəticələri, eləcə də həmin tədbirlərdən irəli gələn məsələlər müzakirə olunub.
Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin, strateji müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, müstəqil, güclü və qüdrətli dövlətlər kimi bir-birinə dəstək göstərən Azərbaycan və Türkiyənin Türk dünyası üçün dayaq olmasının əhəmiyyətini qeyd edib.
Ramil Həsən də öz növbəsində müstəqil və güclü siyasi xətt aparan, həm daxili, həm də xarici siyasətində müstəqil fəaliyyəti və güclü siyasi əlaqələri ilə ön plana çıxan Türk dövlətlərinin dünyada güc birliyi yaratmasının çox önəmli olduğunu vurğulayıb
TÜRKPA-nın Baş katibi Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə də görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsinin və ortaq maraqların uzlaşdırılmasının hər iki dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.