Nepallı qonaq: Azərbaycan xalqının qonaqpərvərliyi və zəngin mədəniyyəti məndə dərin təəssürat yaratdı
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanda keçirilən tədbirdə iştirak etmək yeni insanlarla tanış olmaq, əlaqələr qurmaq və müxtəlif ölkələrin mədəniyyətləri haqqında məlumatlanmaq baxımından mühüm fürsətdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında tədbirin Nepaldan olan iştirakçısı Bima Thapa bildirib.
O, tədbir çərçivəsində qazandığı təcrübənin və qurduğu əlaqələrin gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb: “Burada tanış olduğum gənclərlə, eləcə də müxtəlif sahələrin mütəxəssisləri ilə əlaqələri davam etdirməyi səbirsizliklə gözləyirəm. Ölkəmə qayıtdıqdan sonra qazandığım bilik və təcrübələrdən yararlanacağam”.
Azərbaycana ilk dəfə səfər etdiyini qeyd edən B.Thapa ölkəmizin zəngin mədəniyyətindən və insanların qonaqpərvərliyindən razılığını bildirib: “Bakıya gəlməzdən əvvəl Qubada olduq. Açığı, Azərbaycanın bu qədər zəngin mədəniyyətə malik olduğunu gözləmirdim. Buradakı insanlar çox mehriban, təvazökar və samimidirlər. Təəccüblənirəm ki, nə üçün Azərbaycan indiyədək səyahət etmək istədiyim ölkələr sırasında olmayıb. Səfərdən zəngin xatirələrlə ayrılıram və buraya mütləq yenidən qayıtmaq istəyirəm”.
B.Thapa, həmçinin 2021-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) “PLURAL+” mükafatına layiq görüldüyünü və həmin vaxtdan təşkilatın fəaliyyətinə qoşulduğunu diqqətə çatdırıb. Bu çərçivədə əvvəllər Mərakeş və Portuqaliyaya səfər etdiyini bildirən iştirakçı Azərbaycandakı təcrübəsinin də unudulmaz olduğunu vurğulayıb.
Fotoqraf – Orxan Kərimov