Omanlı nümayəndə: Beynəlxalq öhdəlikləri praktiki mexanizmlərə və ölçüləbilən nəticələrə çevirmək əsas prioritetimizdir VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü Məkkə Əl-Mükərrəmə Konvensiyasının icrasının irəli aparılması, xüsusilə də sərhədlərarası məlumat mübadiləsi, qarşılıqlı hüquqi yardım, aktivlərin müəyyən edilməsi və geri qaytarılması, həmçinin hüquq-mühafizə fəaliyyətlərinin daha səmərəli əlaqələndirilməsi baxımından əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu Oman Sultanlığının Dövlət Maliyyə və İnzibati Audit Orqanının qurumların, investisiyaların və şirkətlərin fəaliyyətinə nəzarət üzrə vitse-prezidenti Zəhra Mohamed Redha Mohamed Səid Əl-Ləvati İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Oman Sultanlığının bu tədbirdə Dövlət Maliyyə və İnzibati Audit Orqanı tərəfindən təmsil olunması korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlət resurslarının qorunmasına və institusional hesabatlılığın təşviqinə sadiqliyi əks etdirir.
Omanın nümayəndəsi vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli mexanizmlər profilaktik tədbirləri, riskəsaslı nəzarəti, korrupsiya hallarının erkən aşkarlanmasını və hüquqi tədbirlərin tətbiqini özündə birləşdirməlidir: “Bizim əsas prioritetimiz beynəlxalq öhdəlikləri praktiki mexanizmlərə və ölçüləbilən nəticələrə çevirmək, institusional imkanları gücləndirmək və dövlət vəsaitlərini qorumaqdır”.
O, həmçinin yüksəksəviyyəli təşkilatçılığa və səmimi qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib.
“Bakıda keçirdiyim vaxtdan böyük məmnunluq duydum. Bura zəngin mədəni irsin müasir inkişafla qovuşduğu gözəl və canlı şəhərdir. İnsanların səmimiyyəti bu səfəri mənim üçün xüsusilə yaddaqalan edib”, – deyə o bildirib.