AzMİU-da tələbələrə narkomaniyanın fəsadları və psixoloji dəstəyin əhəmiyyəti izah olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və Psixoloji Mərkəzinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Tədbirin əsas məqsədi tələbələr arasında narkomaniyanın fəsadları barədə məlumatlılığı artırmaq, sağlam həyat tərzinin təşviqinə töhfə vermək və zərərli vərdişlərdən qorunma yolları barədə maarifləndirmə aparmaq olub.
Tədbirdə AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, AzMİU Psixoloji Mərkəzinin rəhbəri psixoloq Birgül Qurbanova və klinik psixoloq, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Heyran İbrahim çıxış ediblər. Çıxışlar zamanı narkotik vasitələrin insan sağlamlığına və psixoloji vəziyyətinə mənfi təsirləri, asılılığın yaranma səbəbləri, onun qarşısının alınmasında maarifləndirmənin və psixoloji dəstəyin əhəmiyyəti barədə məlumat verilib. Tələbələrə riskli davranışlardan uzaq durmaq, sağlam seçimlər etmək və zərurət yarandıqda mütəxəssis dəstəyinə müraciət etmək tövsiyə olunub.
İnteraktiv müzakirə şəraitində davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər gənclərin sağlamlığının qorunması, zərərli vərdişlərin qarşısının alınması və tələbələr arasında sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.