BMT qərarlarının icrasız qalması beynəlxalq sistemin əsas sınağıdır - ŞƏRH
Bakı, 29 oktyabr, AZƏRTAC
Beynəlxalq münasibətlər sistemində Birləşmiş Millətlər Təşkilatının (BMT) və onun Təhlükəsizlik Şurasının fəaliyyətinin effektivliyi məsələsi bu gün xüsusi aktuallıq kəsb edir. Beynəlxalq hüququn aliliyi, dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi fundamental prinsiplərin real təminatı qəbul edilən qərarların sayından deyil, həmin qərarların nə dərəcədə yerinə yetirilməsindən asılıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli deyib.
O qeyd edib ki, beynəlxalq münasibətlərdə uzun illərdir müzakirə olunan əsas problemlərdən biri beynəlxalq hüquq normaları ilə onların praktikada tətbiqi arasında yaranan ziddiyyətdir. BMT Nizamnaməsi beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, dövlətlər arasında əməkdaşlığın inkişafı üçün mühüm hüquqi çərçivə yaradır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar da bu sistemin əsas alətlərindən biridir. Lakin həmin qərarların icrasını təmin edən mexanizmlər yetərincə səmərəli olmadıqda beynəlxalq hüququn nüfuzu və beynəlxalq institutlara etimad ciddi sınaq qarşısında qalır.
Azərbaycanın təcrübəsi beynəlxalq sistemin problemini açıq şəkildə göstərir
Bu problemin ən aydın nümunələrindən biri Ermənistan-Azərbaycan münaqişəsi zamanı yaşanıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul etmişdi. Həmin sənədlərdə münaqişə ilə bağlı mühüm tələblər irəli sürülmüş, Azərbaycanın ərazi bütövlüyü və regionda hərbi əməliyyatların dayandırılması məsələləri gündəmə gətirilmişdi. Bununla belə, qətnamələrin qəbul olunması onların vaxtında və səmərəli icrasını təmin etmədi.
“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 il işğal altında qalması təkcə regional münaqişənin uzanması deyildi. Bu, eyni zamanda, beynəlxalq təhlükəsizlik sisteminin qərarların icrasını təmin etmək qabiliyyəti ilə bağlı fundamental suallar yaratdı. Münaqişənin dinc yolla həlli üçün uzun illər aparılan danışıqlar nəticə vermədi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr isə real nəticəyə çevrilmədi. Əsas problem BMT tərəfindın qəbul edilmiş qərarların icrası üçün zəruri siyasi iradənin və effektiv mexanizmlərin nümayiş etdirilməməsi idi. Ancaq ölkəmiz nəticədə suverenliyini və ərazi bütövlüyünü özü bərpa etdi. Bu fakt beynəlxalq münasibətlər sisteminin ən mühüm ziddiyyətlərindən birini üzə çıxardı: beynəlxalq hüquq dövlətlərin hüquq və öhdəliklərini müəyyən etsə də, həmin hüquqların pozulmasının qarşısını almaq və pozuntuların aradan qaldırılmasını təmin etmək üçün mövcud mexanizmlər hər zaman effektiv işləmir”, - deyə Ramil İskəndərli bildirib.
Prezident İlham Əliyevin BMT Baş katibinə ünvanladığı mesaj
R.İskəndərli qeyd edib ki, Prezident İlham Əliyevin sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT+” formatında keçirilən görüşdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası məsələsini gündəmə gətirməsi məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı BMT-nin 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin həyata keçirilməsində rol oynamadığını vurğulayaraq onların qısa müddətdə icrasını təmin edəcək müvafiq mexanizmlərin hazırlanmasının vacibliyini bildirib. Bu mesaj yalnız Azərbaycanın keçmiş münaqişə təcrübəsinin xatırladılması kimi qiymətləndirilməməlidir. Bu, beynəlxalq sistemin gələcəyi, BMT-nin nüfuzu və çoxtərəfli diplomatiyanın effektivliyi ilə bağlı daha geniş məzmun daşıyan çağırışdır. Prezident İlham Əliyevin məsələni BMT Baş katibi Antonio Quterreşin də iştirak etdiyi beynəlxalq platformada qaldırması qərarların qəbul edilməsi ilə onların icrası arasındakı boşluğun aradan qaldırılmasının qlobal əhəmiyyətini bir daha nümayiş etdirir.
BMT-nin nüfuzu yalnız üzv dövlətlərin sayına, keçirilən sammitlərə və qəbul edilən sənədlərə əsaslanmır. Təşkilatın nüfuzu, ilk növbədə, beynəlxalq sülhə və təhlükəsizliyə real töhfə vermək, üzv dövlətlərin hüquqlarını qorumaq və qəbul etdiyi qərarların icrasına nail olmaq qabiliyyəti ilə ölçülür. Əgər Təhlükəsizlik Şurasının qərarları uzun illər icrasız qalırsa, bu, beynəlxalq ictimaiyyətin həmin təsisatın effektivliyinə inamını zəiflədir.