Botanika İnstitutunda elmmetrik bazalar və müəllif metrikalarına dair seminar təşkil olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunda alim, mütəxəssis və gənc tədqiqatçılar üçün "Elmmetrik bazalar və müəllif metrikaları" mövzusunda seminar-təlim keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Təlimi institutun gənc mütəxəssisi, bu yaxınlarda Belqradda keçirilən beynəlxalq "Elmmetriya üzrə Sertifikasiya Proqramı"nın iştirakçısı olmuş doktorant Elnarə İsgəndərli aparıb.
Təlimin məqsədi institut əməkdaşlarının beynəlxalq elmi müstəviyə inteqrasiyasını sürətləndirmək, elmi fəaliyyətin monitorinqi və akademik göstəricilərin qiymətləndirilməsi sahəsində bacarıqlarını artırmaq olub.
İştirakçılara “Scopus”, “Web of Science” və “Google Scholar” kimi beynəlxalq elmi bazaların imkanları, elmi jurnalların qiymətləndirilməsində istifadə olunan Impact Factor, CiteScore göstəriciləri və kvartil sistemi haqqında ətraflı məlumat verilib. Həmçinin müəllifin elmi fəaliyyətinin qiymətləndirilməsində mühüm rol oynayan h-indeks və ORCID identifikatorunun yaradılması qaydaları izah olunub. Tədbirdə Open Access (Açıq Giriş) modellərinin üstünlükləri və müasir elmi tədqiqatların qlobal miqyasda əlçatanlığının təmin olunmasında müstəsna rolu müzakirə edilib.