Fransız deputat: Emmanuel Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
Bakı, 29 oktyabr, AZƏRTAC
Təəssüf ki, məhz Emmanuel Makronun rəhbərliyi altında antisemitizm, homofobiya və digər nifrət formaları rekord səviyyəyə çatıb. Bu səbəbdən mövcud vəziyyətə görə tam məsuliyyət onun üzərindədir.
AZƏRTAC “Le Figaro” qəzetinə istinadla xəbər verir ki, bu sözləri Fransanın “Milli Birlik” partiyasından olan parlament üzvü Jan-Filip Tanqi deyib.
Deputat qeyd edib ki, Prezident “çox problemlidir” və məhz Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib.
Tanqi əlavə edib: “Cənab Makron doqquz ildir ki, Fransaya rəhbərlik edir və nifrət dolu ideologiyaların yayılmasına imkan verən də odur”. Deputat TF1 telekanalının efirində bildirib: “Onun prezidentliyi dövründə antisemitizm, homofobiya və digər nifrət formaları, təəssüf ki, rekord səviyyəyə çatıb. Buna görə də, mövcud vəziyyətə görə tam məsuliyyət onun üzərindədir” .
Fransız deputat, həmçinin Fransa Prezidentinin 2017-ci ildə Komor adaları ilə diplomatik qalmaqal yaradan “kvassa-kvassa” (miqrantları Mayottaya daşımaq üçün istifadə olunan qayıqlar) haqqında etdiyi təhqiramiz zarafatı da xatırladıb.