Naxçıvanda xarici ticarət dövriyyəsinin həcmində artım qeydə alınıb
Naxçıvan, 29 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində 2026-cı ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müsbət dinamika müşahidə olunur.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, muxtar respublikanın xarici ticarət dövriyyəsi cari ilin ilk 9 ayında 155.7 milyon ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 67,3 faiz, o cümlədən idxal 53,9 faiz artıb, ixracın həcmində isə 2,8 dəfə artım qeydə alınıb.
Xarici ticarət dövriyyəsinin 31,7 faizi Türkiyə, 12,6 faizi Çin, qalan hissəsi isə Misir, BƏƏ, İran, Gürcüstan, Rusiya və digər ölkələrlə aparılan ticarət əməliyyatlarının payına düşüb.
İxrac olunan əsas məhsulların ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətən 18.1 milyon ABŞ dolları və ya 175,1 faiz artaraq 28.4 milyon ABŞ dolları olub. İxracdakı artım əsasən duz, kükürd və tikinti materialları, taxıldan hazırlanan məhsullar, mineral yanacaq məhsulları və içkilər üzrə həcmlərin yüksəlməsi hesabına qeydə alınıb.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.3.3.-cü bəndi ilə müəyyən edilmiş Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixrac coğrafiyasının şaxələndirilməsi tədbirinin icrası məqsədilə aparılan işlər nəticəsində hesabat dövründə muxtar respublikada istehsal olunmuş və ixraca yönəlmiş məhsulların 50,2 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 14,5 faizi Gürcüstana, 9,5 faizi Səudiyyə Ərəbistanına, 6,5 faizi Qırğızıstana, hər biri 4,9 faiz olmaqla Yəmən və İrana, 3,9 faizi Keniyaya, 2,7 faizi Türkiyəyə ixrac edilib.
Hesabat dövrü ərzində idxal olunan əsas malların ümumi həcmi ötən ilin analoji dövrünə nisbətən 44,6 milyon ABŞ dolları və ya 53,9 faiz artaraq 127,3 milyon ABŞ dolları təşkil edib. İdxaldakı artım, başlıca olaraq, istehsal və investisiya təyinatlı mallar, o cümlədən maşın, mexanizm və avadanlıqlar, qara metallar və digər sənaye malları, habelə tütün məmulatları hesabına formalaşıb. Artımın bütövlükdə rüsumdan azad idxal hesabına baş verməsi, rüsuma cəlb olunan idxalın isə 7,7 faiz azalması investisiya və istehsalyönümlü idxalın üstünlük təşkil etdiyini göstərir. Ümumilikdə, göstəricilər iqtisadi fəaliyyətin canlanması fonunda idxal strukturunun istehsal və sənaye təyinatlı mallara doğru dəyişməsini ifadə edir.
Müxbir- Nail Əsgərov