“Bakı Prosesi”nin əsas siyasi fəlsəfəsi fərqlilikləri qarşılıqlı zənginləşmə imkanı kimi qiymətləndirməkdir
Bakı, 29 oktyabr, AZƏRTAC
Geosiyasi qarşıdurmaların dərinləşdiyi, regional münaqişələrin genişləndiyi, dövlətlər və cəmiyyətlər arasında etimadın zəiflədiyi bir şəraitdə dialoq anlayışı əvvəlkindən daha böyük siyasi və mənəvi əhəmiyyət kəsb edir. Dünyada müşahidə olunan gərginliklər göstərir ki, davamlı sabitliyi yalnız siyasi və iqtisadi vasitələrlə təmin etmək mümkün deyil. Məhz belə bir şəraitdə Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yalnız beynəlxalq mədəniyyət tədbiri deyil, müxtəlif siyasi, dini və mədəni baxışların təmsilçilərini bir araya gətirən mühüm diplomatik platformadır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
O bildirib ki, Azərbaycanın bu sahədə fəallığı ölkəmizin çoxəsrlik multikulturalizm ənənələrinə və müstəqillik dövründə formalaşmış xarici siyasət prioritetlərinə söykənir. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı Prosesi” ilk dəfə Avropa Şurasına üzv dövlətlərin və müsəlman ölkələrinin mədəniyyət nazirlərini bir araya gətirdi. 2011-ci ildən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə ötən 15 ildə BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, ICESCO və digər tərəfdaşlarla birgə geniş beynəlxalq əməkdaşlıq mexanizminə çevrilib. Şərqlə Qərbin qovuşuğunda yerləşən, İslam dünyasının bir parçası olmaqla yanaşı, Avropa ilə sıx əlaqələrə malik Azərbaycan fərqli dəyərlər sistemləri arasında ünsiyyətin mümkünlüyünü öz tarixi təcrübəsi ilə nümayiş etdirir. “Bakı Prosesi”nin əsas siyasi fəlsəfəsi də fərqlilikləri qarşıdurma səbəbi kimi deyil, qarşılıqlı zənginləşmə imkanı kimi qiymətləndirməkdən ibarətdir.
Deputat qeyd edib ki, Forumun gündəliyi dialoqun rəqəmsal müstəviyə keçdiyini də göstərir. Dezinformasiya, nifrət nitqi, süni intellekt vasitəsilə hazırlanan manipulyativ məzmun cəmiyyətlər arasında etimadı zəiflədir, rəqəmsal mühitdə böyük dillərin üstün mövqeyi isə kiçik xalqların dil və mədəni irsinin görünürlüyü ilə bağlı yeni suallar yaradır. Bu səbəbdən dialoqun gələcəyi rəqəmsal savadlılıqdan, təhsildən və texnologiyaların məsuliyyətli istifadəsindən də asılıdır. Birgə təhsil proqramları, gənclər mübadiləsi, media savadlılığı və süni intellektin etik tətbiqi sahəsində əməkdaşlıq Forumun uzunmüddətli təsirini artıra bilər.
“Bakı Forumunun gələcək əhəmiyyəti burada yaranan tərəfdaşlıqların möhkəmlənməsi və irəli sürülən təşəbbüslərin davamlı fəaliyyətə çevrilməsi ilə ölçüləcək. Nəticə etibarilə, müasir dünyada dialoq sadəcə diplomatik nəzakət forması deyil, təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin olunması üçün zəruri vasitələrdən biridir. Çünki parçalanmış dünyada körpülər qurmaq yalnız fərqli mədəniyyətləri bir araya gətirmək deyil, həm də qarşılıqlı hörmətə, bərabərliyə və birgə məsuliyyətə əsaslanan gələcəyin təməllərini formalaşdırmaq deməkdir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.