Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycanın silahşünaslıq tarixinin elmi əsaslarla öyrənilməsi, tarixi silah nümunələrinin tədqiqi, mühafizəsi və muzey ekspozisiyalarında nümayişi bu sahənin aktual məsələlərindəndir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 29-da Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” mövzusunda ikinci elmi-praktik konfrans işə başlayıb.
Vətən müharibəsində Qələbənin altıncı ildönümünə həsr olunan tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın məqsədi Azərbaycanın qədim dövrlərdən bu günədək formalaşmış silahşünaslıq tarixinin elmi dövriyyəyə daxil edilməsi, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda qorunan Azərbaycan silahları haqqında məlumat mübadiləsinin aparılması və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsidir.
Tədbiri açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova silahşünaslığın yalnız hərb tarixinin deyil, həm də xalqın maddi-mədəni irsinin, sənətkarlıq ənənələrinin və dövlətçilik tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan xalqı tarixən döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqla yanaşı, yüksək bədii zövqlə hazırlanmış silah nümunələri ilə də tanınıb. Zərgərlik, bəzək və döymə sənətlərinin vəhdətində yaradılan bu nümunələr xalqın zəngin mədəni irsinin bir hissəsidir.
Ə.Məlikova qeyd edib ki, Vətən müharibəsində qazanılan Zəfər fonunda hərb tarixinin və qədim silahların elmi əsaslarla araşdırılması xüsusi aktuallıq daşıyır. Onun sözlərinə görə, tarixi silahların mühafizəsi, bərpası və muzey ekspozisiyalarında düzgün təqdim olunması da elmi müzakirə tələb edən məsələlərdəndir.
Muzeyin direktoru iki gün davam edəcək konfransın elmi məruzələr və akademik müzakirələr vasitəsilə silahşünaslıq sahəsində yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud boşluqların aradan qaldırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova silahşünaslığın tarix, arxeologiya, fəlsəfə, mədəniyyət və sənətşünaslıqla sıx bağlı olduğunu bildirib.
O qeyd edib ki, silahın əhəmiyyəti yalnız onun hərbi təyinatı ilə məhdudlaşmır, bu anlayışın fəlsəfi və mədəni tərəfləri də var. “Silahı daşıyan insan böyük məsuliyyət daşıyır. O, hər zaman silahdan istifadə etməsə də, onun gücünü və fəlsəfəsini özündə ehtiva edir”, - deyə S.Kərimova vurğulayıb.
Prorektor konfransın Azərbaycan Milli Xalça Muzeyində keçirilməsinin əhəmiyyətinə toxunaraq, belə tədbirlərin müxtəlif elmi sahələr arasında əlaqələrin möhkəmlənməsinə imkan yaratdığını bildirib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəxri professoru, Qazi Universitetinin təqaüddə olan professoru Alev Çakmakoğlu Kuru Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq münasibətlərindən danışıb. O, 1923-cü ildə Azərbaycan türklərinin Türkiyənin istiqlal mübarizəsinə göstərdiyi dəstəyə diqqət çəkərək, xalqların çətin və sevincli günlərdə bir-birinin yanında olmasının əhəmiyyətini vurğulayıb.
A.Çakmakoğlu Kuru bildirib ki, türklərin tarixən döyüşçü xalq kimi tanınması silahların yalnız hərbi tərəfdən qiymətləndirilməsi demək deyil. Onun fikrincə, silahşünaslıq mövzusu daha geniş tarixi və mədəni kontekstdə araşdırılmalıdır.
Konfransın həmkuratoru, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov tədbirin bu il iki gün davam edəcəyini bildirib. O qeyd edib ki, ötən il bir gün keçirilən konfransın müddətinin artırılması iştirakçıların sayının və təqdim olunan məruzələrin əhatə dairəsinin genişlənməsi ilə əlaqədardır.
S.Əhmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin konfrans materiallarının elektron variantının hazırlanmasına dəstək verdiyini də diqqətə çatdırıb. O, oktyabrın 30-da konfransın mövzusuna uyğun rəsm və heykəltəraşlıq əsərlərindən ibarət sərginin açılacağını bildirib. Qeyd edib ki, bu təşəbbüsün ənənəyə çevrilməsi nəzərdə tutulur. Sərgidə mövzuya uyğun əsərlər nümayiş olunacaq.
Müxbir - Lalə Minasazova