Avropada baş verənlər demokratiyanın böhrana uğradığını göstərir - ŞƏRH
Bakı, 29 oktyabr, AZƏRTAC
Avropda dövlətlərində baş verən iqtisadi böhran kütləvi aksiyalara və bu aksiyaların nəzarətdən çıxaraq xaosa çevrilməsi ilə nəticələnir. Bu xaos zəncirvari reaksiya kimi Avropa dövlətlərini dolaşır. Belçika, Fransa, İspaniya indi isə xaos Almaniyanı bürüməkdədir.
AZƏRTAC xəbər verir ki, Avropa uzun illər demokratiyanın, sosial rifahın və iqtisadi sabitliyin əsas mərkəzlərindən biri kimi təqdim olunub. Lakin son illərdə qitənin müxtəlif ölkələrində baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir.
Fermerlərin küçələrə çıxması, işçilərin tətil etməsi, hökumətlərin iqtisadi siyasətinə qarşı aksiyalar və siyasi qərarlara etirazlar bir sıra ortaq problemləri ortaya çıxarır. Bu hadisələrin arxasında yalnız bir səbəb deyil, iqtisadi çətinliklərdən tutmuş siyasi etimad böhranına qədər uzanan mürəkkəb amillər dayanır. Lakin Avropa dövlətlərinin liderləri bu amili görmək istəmirlər.
Almaniyada başlayan kütləvi çıxışları gənclərdən ibarət “Gen Z regelt” təşkilatı təşkil edib. Alman polisinin bəyanatında deyilir ki, bu təşkilat cinayətkar qruplardan, miqrantlardan və başqa dövlətlərin proksilərindən ibarətdir ki, bunların da məqsədi ölkədə qarşıdurma yaratmaqdan ibarətdir. Lakin təşkilatın bəyanatında tamamilə başqa məsələlərdən bəhs olunur. Almaniya gəncləri təhsilin keyfiyyətini yaxşılaşdırmaq, sosial ədalətin bərpasını, işsizliyin aradan qaldırılmasını və əmək haqqının artırılmasını tələb edirlər. Onlar bildirir ki, işləyib əmək haqqı alsalar da inflyasiya, sosial xərclər və bahalaşma insanların normal yaşamaq imkanlarını məhdudlaşdırıb.
Avropa İttifaqının (Aİ) 2026-cı ilin oktyabrında dərc etdiyi məlumatlara görə, üzv ölkələrdə ərzaq və alkoqolsuz içkilərin qiymətləri 2021-ci ilin avqustu ilə müqayisədə 2026-cı ilin oktyabrına kimi təxminən 36 faiz artıb. Bu, xüsusilə aşağı və orta gəlirli ailələrin xərclərini artıran amillərdən biridir.
İnsanların narazılığı yalnız qiymətlərin artması ilə bağlı deyil. Əsas problem ondan ibarətdir ki, bir çox vətəndaş işləməsinə baxmayaraq, normal yaşayış səviyyəsini qorumaqda çətinlik çəkir. Bu vəziyyət sosial ədalət, gəlirlərin bölüşdürülməsi və hökumətlərin iqtisadi siyasəti ilə bağlı sualları ön plana çıxarır ki, bunlar da aksiyaların həm də siyasi xarakter daşıdığına işarədir.
“Reuters” agentliyinin bu gün dərc olunan materialında qeyd olunur ki, Aİ-də 2025-ci ildə 18–24 yaşlıların 26,3 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib. Bu göstərici gənclərin iqtisadi təhlükəsizliyi ilə bağlı narahatlıqların miqyasını izah edir. Gənclərin etirazlarının arxasında mühüm psixoloji amil də dayanır ki, bu da gələcəyə inamın zəifləməsidir. Onlar yaxşı təhsilin, yaxşı işin, sabit gəlir və normal yaşayışın təmin olunmadığını görürlər. Bu səbəbdən narazılıq təkcə mövcud vəziyyətə deyil, gələcəkdə daha yaxşı həyat qurmaq imkanlarının məhdudlaşmasına da yönəlir. Bütün bunlar Avropanın gələcəyinin sual altında olduğunu göstərir.
Tanınmış alman filosofu, sosioloq, Frankfurt Universitetinin professoru Yurqen Hebermas “Demokratiya, şüur və mənəviyyat” əsərində yazırdı ki, kapitalın çoxluğu mənəvi problemlər yaradır və bu baxımdan qərb demokratiyası və şəxsi mülkiyyətin inkişafı demokratiyanın böhranı ilə nəticələnəcək. Bu gün Avropada baş verənlər tanınmış alimin proqnozunun düzgünlüyünü deməyə əsas verir. Avropada baş verənlərin təhlili demokratiyanın böhrana uğradığını göstərir.
Müəllif - Rabil Kətanov