Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib
Bakı, 29 oktyabr, AZƏRTAC
Cümə axşamı günü Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi (CPT) Fransanı xarici vətəndaşların saxlanıldığı şəraitə görə tənqid edib, Parisi onların təhlükəsizliyini və layiqli yaşayış şəraitini təmin etməyə çağırıb.
AZƏRTAC “Le Figaro” nəşrinə istinadla xəbər verir ki, Avropa Şurasının Komitənin hesabatında saxlama mərkəzlərində olan şərait ciddi gigiyena problemləri ilə xarakterizə olunur və oradakı insanlar arasında zorakılıq hallarının qeydə alındığı bildirilir. Sənəddə “dəhşətli gigiyena” və “zorakılıq” xüsusi qeyd olunur.
CPT xəbərdarlıq edir ki, həmin yerlərə edilən səfər orada əsl barıt çəlləkləri olduğuna dair geniş yayılmış təsəvvürü vurğulayır.
Hesabatda deyilir ki, Komitənin əvvəlki xüsusi missiyasının səfərindən - 2018-ci ildən bəri saxlanma mərkəzlərində müşahidə olunan gərginlik və sui-istifadə hallarının “yaxşılaşmaması və ya daha da pisləşməsi” təəssüf doğurur.
CPT Fransanı həmin mərkəzlərdə saxlanılan miqrantlar arasında zorakılığın qarşısını almaq və layiqli maddi və gigiyenik şəraiti təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb. Saxlanılan şəxslərin təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Komitə iddia edir ki, pisləşən şərait döyüşlər, şantaj və fiziki hücum da daxil olmaqla gərginliyin və zorakılığın artmasına səbəb ola bilər. Bəzi xarici vətəndaşlardan polis məmurları tərəfindən onlara qarşı rəftar, o cümlədən təhqirlər və iddia edilən irqçilik hərəkətləri ilə bağlı şikayətlər də daxil olub.
Komitənin şikayətlər siyahısına binaların həbsxanaya çevrilməsi və demək olar ki, tamamilə fəaliyyətin olmaması, səmərəsiz təhlükəsizlik sistemi, köhnəlmiş və ya hətta ciddi şəkildə pisləşmiş maddi şərait, acınacaqlı gigiyena və səhiyyədəki çatışmazlıqlar da daxildir.
Fransa hakimiyyəti bu tənqidi qismən rədd edərək bildirib ki, hər bir məhbusa gigiyena dəsti, təmiz mələfə və yorğan, döşək verilir, ərazi müntəzəm olaraq təmizlənir.
Beləliklə, xarici vətəndaşlar üçün inzibati saxlanma mərkəzlərinin vəziyyəti və orada saxlanılan şəxslərin hüquqlarına riayət olunması Avropa insan hüquqları qurumlarının diqqət mərkəzində qalır.