Azərbaycan mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə xarici siyasət prioritetləri arasında əlaqəni gücləndirir - ŞƏRH
Bakı, 29 oktyabr, AZƏRTAC
Bakıda ənənəvi olaraq keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müasir beynəlxalq münasibətlər sistemində sivilizasiyalararası dialoqun və qlobal sülhün bərqərar olunması yolunda ən mühüm dönüş nöqtələrindən biri kimi tarixdə öz yerini tutdu. Forum qlobal miqyasda mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynayan, tolerantlığı, qarşılıqlı etimadı və sülhü təşviq edən ən nüfuzlu platformalardan biridir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.
O qeyd edib ki, Azərbaycanda multikulturalizm ənənələri ölkənin tarixi inkişafı, coğrafi mövqeyi, müxtəlif xalqların birgəyaşayış təcrübəsi və hüquqi prinsipləri ilə sıx bağlıdır: “Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlərboyu müxtəlif mədəniyyətlərin, dini inancların və ənənələrin qarşılıqlı əlaqədə olduğu məkan kimi tanınıb. Bu tarixi təcrübə müasir dövrdə mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin və dini dözümlülüyün ölkənin ictimai həyatında və beynəlxalq əlaqələrində mühüm yer tutmasına zəmin yaradıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan özünü müdafiə edərək düşməni məğlubiyyətə uğradıb və 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarını azad edib”.
Onun sözlərinə görə, tədbir, eyni zamanda, fərqli mədəniyyətlər və sivilizasiyalar arasında körpülərin qurulmasında Bakının əvəzolunmaz rolunu təsdiqləyir. Forum çərçivəsində aparılan müzakirələr təkcə mövcud problemlərin aradan qaldırılmasına deyil, həm də gələcək nəsillər üçün daha təhlükəsiz, inklüziv və ədalətli dünya nizamının qurulmasına yönələn ortaq fəaliyyət planlarının müəyyənləşdirilməsinə xidmət edir.
“Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsaq, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərik. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Eyni zamanda, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırıb. Prezidentin qeyd etdiyi kimi, bizim artıq iki super güclə strateji tərəfdaşlıq münasibətlərimiz var. 2025-ci ildə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi imzalanmışdır. Beləliklə Azərbaycanın iki super güclə strateji tərəfdaşlıq formatı var. O cümlədən, İslam dünyası, Avropa və Asiya ölkələri ilə əlaqələrin inkişafı fərqli siyasi və mədəni məkanlar arasında əməkdaşlıq imkanlarını artırır. Bu yanaşma Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə xarici siyasət prioritetləri arasında əlaqəni gücləndirir”, - deyə komitə sədri əlavə edib.