Fransada alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb
Paris, 29 oktyabr, AZƏRTAC
Fransa parlamentinin aşağı palatasına alimləri və səhiyyə işçilərini əsassız məhkəmə təqiblərindən qorumaq, eləcə də səhiyyə sahəsində dezinformasiyaya qarşı mübarizəni gücləndirmək məqsədi daşıyan qanun layihəsi təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, “franceinfo”nun məlumatına görə, təşəbbüsün müəllifi, Respublikaçılar Partiyasının deputatı və sabiq səhiyyə naziri Yannik Nödedir. “Alimləri və səhiyyə işçilərini əsassız məhkəmə iddialarından qorumaq və səhiyyə sahəsində dezinformasiyaya qarşı mübarizə” adlı sənəd əsassız şikayətlərə görə sanksiyaların tətbiqini, dövlət qurumlarında çalışan alimlərin müdafiəsinin gücləndirilməsini və dövlət qulluğuna daxil olmayan tədqiqatçılara dəstək fondunun yaradılmasını nəzərdə tutur.
Yannik Nöde hesab edir ki, səhiyyə sahəsində dezinformasiya getdikcə daha ciddi təhlükəyə çevrilir və alimləri məhkəmə təzyiqlərinə məruz qoyur. Deputat COVID-19 pandemiyasını və son dövrlərdə hantavirusla bağlı məlumatların yayılmasını yanlış informasiyanın təsirinə nümunə göstərib.
Qanun layihəsi, həmçinin elmi nəticələri və mövqeləri mübahisələndirilən mütəxəssislərə qarşı təqib kampaniyalarının və onları susdurmağa yönələn məhkəmə iddialarının qarşısını almağı hədəfləyir. Bundan əlavə, tibbi dezinformasiyanın yayılmasını izləmək üçün elmi ekspertlərin iştirakı ilə yeni “infovigilans” mexanizminin yaradılması təklif olunur. Layihə hələ parlament prosedurlarından keçməlidir və onun müddəaları yalnız qanunvericilik prosesi başa çatdıqdan sonra qüvvəyə minə bilər.