Elnur Məmmədov: “Oceanman” Azərbaycanda açıq suda üzgüçülüyün inkişafına töhfə verəcək
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək sahəsində böyük təcrübəsi var. Ölkəmiz beynəlxalq idman tədbirlərinin etibarlı ev sahibi kimi özünü bütün dünyaya təsdiqləyib. I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, eləcə də bir çox dünya və Avropa çempionatları ölkəmizin təşkilatçılıq potensialını nümayiş etdirib. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Azərbaycanda ilk “Oceanman” mərhələsi olan “Oceanman Azerbaijan Sea Breeze” yarışına həsr olunmuş mətbuat konfransında deyib.
O, 2026-cı il üçün Bakının dünyanın idman paytaxtı seçildiyini xatırladıb: “Bununla əlaqədar paytaxtda və bölgələrimizdə bir çox tədbirlər keçirilir. “Oceanman” yarışının məhz bu il Azərbaycana gəlməsi həmin strategiyanın məntiqi davamı və ölkəmizə göstərilən beynəlxalq etimadın daha bir göstəricisidir. Bu layihə bizim üçün sadəcə yarış deyil. Kütləvi idmanın inkişafı və sağlam həyat tərzinin təşviqi dövlət idman siyasətinin əsas istiqamətlərindəndir. “Oceanman” da məhz bu məqsədlərə xidmət edir və idmanın hər kəs üçün əlçatan olduğunu bir daha nümayiş etdirir. Azərbaycan Xəzər dənizinin sahilində yerləşən, zəngin təbii imkanlara malik ölkədir. Bu cür beynəlxalq yarışlar sahil ərazilərimizin idman və turizm potensialını üzə çıxarır”.
E.Məmmədovun sözlərinə görə, layihə yerli üzgüçülüyün inkişafı üçün də yeni imkanlar açır: “İnanırıq ki, “Oceanman” gənclərimizin açıq suda üzgüçülüyə marağını artıracaq, yeni istedadların üzə çıxmasına və bu idman növünün ölkəmizdə daha da inkişafına töhfə verəcək. Azərbaycanın Xəzər dənizi sahili ilə yanaşı, gölləri və Kür çayı kimi təbii su hövzələri də var. Bu baxımdan, ölkəmizdə açıq suda üzgüçülüyün inkişafı üçün böyük potensial mövcuddur. Lakin illər keçdikcə açıq suda üzməyə marağın azalması müşahidə olunur. Hesab edirik ki, belə yarışlar insanların bu idman növünə münasibətinin dəyişməsinə və üzgüçülüyə marağın artmasına kömək edəcək”.
O qeyd edib ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 2022-ci ildən açıq suda üzgüçülüyün təşviqi istiqamətində müxtəlif layihələr həyata keçirilir: “Onlardan biri də Kür çayını üzərək keçmək təşəbbüsüdür. Hər il müxtəlif bölgələrdən yüzlərlə insan Mingəçevirə gələrək bu tədbirdə iştirak edir. Əsas məqsəd insanları açıq suda üzməyə cəlb etmək və bu idman növünü təşviq etməkdir. Araşdırmalar göstərir ki, üzməyi bacaran insanların sayının çox olduğu ölkələrdə suda boğulma halları daha az müşahidə olunur. Buna görə də nazirlik və federasiya tərəfindən məktəblilərə üzməyi öyrətməyə yönəlmiş təşəbbüslər irəli sürülüb. Məqsəd uşaqların üzgüçülük bacarıqlarını inkişaf etdirmək və suda təhlükəsiz davranış vərdişlərini formalaşdırmaqdır. Bütün bunlar dövlətin vətəndaşlara qayğısının göstəricisidir. Bu gün isə özəl sektorun təşəbbüsü ilə “Oceanman” kimi nüfuzlu yarışın ölkəmizə gətirilməsi, onun gözəl bir məkanda təşkili və dünyanın tanınmış simalarının burada iştirakı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Belə tədbirlər beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizin idman imkanlarının tanıdılması baxımından vacibdir. İnanırıq ki, bu layihə təkcə Azərbaycanda deyil, bütün regionda uğurlu idman təşəbbüslərindən birinə çevriləcək”.
Qeyd edək ki, yarışlar 2027-ci ilin sentyabrında “Sea Breeze” ərazisində keçiriləcək. Tədbir müxtəlif ölkələrdən peşəkar idmançıları, üzgüçülük həvəskarlarını və qonaqları bir araya gətirəcək.
Fotoqraf - Səfiyar Məcnun