ASF-nin vitse-prezidenti: “Oceanman” hər kəsin üzgüçülüyə marağını artıra bilər
Bakı, 29 oktyabr, AZƏRTAC
“Oceanman” dünyada tanınan və böyük maraq doğuran beynəlxalq tədbirdir. Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi etmək üçün hər zaman lazımi imkanlar yaradıb. “Oceanman” da bu baxımdan ölkəmiz üçün əhəmiyyətli layihədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) vitse-prezidenti Jalə Əhmədova Azərbaycanda ilk “Oceanman” mərhələsi olan “Oceanman Azerbaijan Sea Breeze” yarışına həsr olunmuş mətbuat konfransında deyib.
O, federasiya olaraq üzgüçülüyə yalnız idman növü kimi deyil, insanların sağlamlığına müsbət təsir göstərən fəaliyyət kimi yanaşdıqlarını söyləyib: “Məqsədimiz hər kəsin üzməyi öyrənməsidir. İnsanlar 6 yaşında da, 80 yaşında da üzgüçülüklə məşğul ola bilərlər. Bu, sağlamlıq üçün vacib idman növlərindən biridir. Əslində, bu il “Oceanman” yarışının keçirilməsini özümüz də planlaşdırırdıq. Lakin federasiya iki böyük beynəlxalq tədbirə – Dünya Kubokuna və Avropa çempionatına ev sahibliyi etdiyi üçün yarışın təşkili ilə bağlı planlarımızı həyata keçirə bilmədik. Təşkilatçıların bu təşəbbüslə çıxış etməsi bizi sevindirdi. Federasiya olaraq layihənin həyata keçirilməsinə dəstək verməyə hazırıq”.
J.Əhmədovanın sözlərinə görə, Azərbaycan idmana göstərilən dövlət dəstəyi baxımından əlverişli imkanlara malikdir: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana göstərdikləri diqqət bizi bu sahədə daha genişmiqyaslı işlər görməyə həvəsləndirir. Ümumiyyətlə, idmanın bütün növlərinə dəstək göstərilməsi vacibdir. Çünki idman gənclərimizin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq idmana yönəlməsi cəmiyyət üçün faydalıdır. Ümid edirəm ki, yarışda iştirak etmək üçün xaricdən gələn qonaqlar Azərbaycanda xoş təəssüratlar qazanacaq, ölkəmizlə yaxından tanış olacaq və buradan xoş xatirələrlə ayrılacaqlar”.
Qeyd edək ki, yarışlar 2027-ci ilin sentyabrında “Sea Breeze” ərazisində keçiriləcək. Tədbir müxtəlif ölkələrdən peşəkar idmançıları, üzgüçülük həvəskarlarını və qonaqları bir araya gətirəcək.
Fotoqraf - Səfiyar Məcnun