Şərqşünas-alimin tədqiqatı beynəlxalq nəşrdə dərc olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
"Khalili" Fondu tərəfindən nəşr olunan “Sülh quruculuğu sənəti: parçalanmış dünya üçün universal dil” adlı kitabda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Roida Rzayevanın “Dialoqun fəlsəfəsi: mədəniyyət siyasəti sülh quruculuğunun komponenti kimi” adlı tədqiqatı yer alıb.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan bildirilib Alimin tədqiqatı dünyada sülh quruculuğu prosesinə mədəni diplomatiyanın verdiyi töhfədən, bu məsələdə dialoqun fəlsəfəsinin oynadığı roldan bəhs edir. Qeyd olunur ki, bu gün yumşaq güc siyasətdə dəyişən vurğuların təzahürüdür. Tədqiqatda vurğulanılır ki, mədəni və intellektual əməkdaşlıq preventiv diplomatiyanın aləti kimi çıxış edir. Professor bildirir ki, humanitar sahə və onu dəstəkləyən beynəlxalq forumlar sistemli qlobal sabitlik üçün əhəmiyyətli əsas yaradır. Texnoloji yeniliklər və iqtisadi göstəricilər müasir inkişafın struktur nəticələrini müəyyən etsə də, bu proseslərin idarə edilməsi üçün zəruri analitik və etik çərçivələri təmin edən məhz humanitar sahədir.