AzMİU və Atırau Universiteti arasında akademik və elmi əməkdaşlıq genişləndirilir
Bakı, 29 oktyabr, AZƏRTAC
Orhun Mübadilə Proqramı çərçivəsində Qazaxıstan Respublikasının X.Dosmuhamedov adına Atırau Universitetinin İnformatika kafedrasının müdiri Kalamkas Bagitova Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Səfərin əsas məqsədi bakalavriat səviyyəsində mühazirə və seminarların keçirilməsi, tədris təcrübəsinin bölüşdürülməsi, eləcə də iki universitet arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsi olub. Kalamkas Bagitova AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, elmi işlər üzrə prorektoru professor Nigar Aslanova, Xarici əlaqələr şöbəsinin müdiri dosent Fərhad Əliyev və Beynəlxalq ortaq təhsil proqramlarının idarə edilməsi sektorunun müdiri, Orhun Mübadilə Proqramının koordinatoru Könül Şirinova ilə görüşüb. Görüşlərdə AzMİU ilə Atırau Universiteti arasında əməkdaşlığın inkişaf perspektivləri, müvafiq ixtisaslar üzrə tələbə və müəllim mübadiləsinin təşkili, akademik mobillik imkanlarının genişləndirilməsi, birgə elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi, eləcə də təcrübə və bilik mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər Orhun Mübadilə Proqramının yaratdığı imkanlardan səmərəli istifadə etməklə universitetlər arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Akademik səfər çərçivəsində qonaq AzMİU-nun Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı professor Sabir Məmmədov, İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri akademik Telman Əliyev, professor Nailə Musayeva, dosent Rəşad İsmibəyli ilə də görüşüb. Görüşlər zamanı informasiya texnologiyaları sahəsində tədrisin təşkili, müvafiq ixtisaslar və kafedralar arasında təcrübə mübadiləsi, gələcəkdə birgə elmi və akademik təşəbbüslərin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb. Səfər müddətində Kalamkas Bagitova bakalavriat tələbələri üçün “Kibertəhlükəsizlikdə süni intellekt” mövzusunda seminar keçirib. Seminarda kibertəhlükəsizlik sahəsində süni intellekt texnologiyalarının tətbiqi, kibertəhdidlərin aşkarlanması və qarşısının alınmasında onların rolu, eləcə də rəqəmsal təhlükəsizliyin təmin olunmasında müasir texnoloji həllərin əhəmiyyəti müzakirə olunub. İştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, süni intellektin kibertəhlükəsizlik sahəsində yaratdığı imkanlar və perspektivlər diqqətə çatdırılıb.
Qeyd edək ki, Orhun Mübadilə Proqramı çərçivəsində həyata keçirilən səfər AzMİU və Atırau Universiteti arasında akademik əlaqələrin inkişafı, informasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək birgə fəaliyyət üçün yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından səmərəli olub. Bu cür mübadilələr ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, tədris təcrübəsinin zənginləşdirilməsinə və universitetlərin beynəlxalq akademik mühitdə qarşılıqlı əlaqələrinin inkişafına töhfə verir.