Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsinin daxil edildiyini bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Bu mübarizənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi və hüquqi əsaslarının müasir tələblərə uyğun təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. O, korrupsiyaya qarşı mübarizənin qanunvericilik bazasının davamlı şəkildə gücləndirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək qanun layihəsinin dövlət idarəçiliyində şəffaflığın artırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə risklərinin azaldılması və ictimai mənafenin qorunması baxımından əhəmiyyətini vurğulayıb.
Sonra çıxış edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev maraqlar toqquşmasının hüquqi tənzimlənməsinin dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın gücləndirilməsi, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və dövlət institutlarına ictimai etimadın möhkəmləndirilməsi baxımından vacib olduğunu bildirib. Onun sözlərinə görə, qanun layihəsi korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı hüquqi mexanizmlərin gücləndirilməsinə, ictimai mənafenin qorunmasına və dövlət idarəçiliyində dürüstlük prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir.
Qanun layihəsi barədə məruzə ilə çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, sənəd hazırlanarkən beynəlxalq maliyyə və iqtisadi qurumların, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların tövsiyələri və xarici ölkələrin mütərəqqi təcrübəsi nəzərə alınıb. Yeni qanun layihəsinin əsas fəlsəfəsi cəzalandırmaqdan daha çox, maraqlar toqquşmasının qarşısını əvvəlcədən almaq və belə halların düzgün idarə olunmasını təmin etməkdir. Onun sözlərinə görə, sənəd preventiv xarakter daşıyır və vəzifəli şəxslərin xidməti vəzifələrini qərəzsiz yerinə yetirməsinə, qərarların şəxsi maraqların təsiri altında qəbul edilməsinin qarşısının alınmasına xidmət edir.
Qeyd edilib ki, maraqlar toqquşması ehtimalı ilə üzləşən vəzifəli şəxslər belə halların qarşısını almaq məqsədilə aidiyyəti subyektlərdən konfidensial məsləhət ala biləcəklər. Vurğulanıb ki, qanun layihəsinin qəbul edilməsi maraqlar toqquşmasının tənzimlənməsi sahəsində vahid və aydın hüquqi çərçivənin formalaşmasına, dövlət qulluğunda etik davranış və şəffaflıq prinsiplərinin möhkəmlənməsinə, korrupsiya risklərinin azaldılmasına və ictimai mənafeyin daha etibarlı qorunmasına töhfə verəcək.
Daha sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.