Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH
Bakı, 29 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər Bakıda və müxtəlif beynəlxalq platformalarda vaxtaşırı gündəmə gətirilir. Bu fikirlər həm paytaxtda, həm də ölkənin regionlarında keçirilən tədbirlərdə, o cümlədən Şuşa Qlobal Media Forumunda və digər mühüm tədbirlərdə səsləndirilir. Azərbaycan Prezidenti aydın mesaj verir: ölkəmizin daxili işlərinə müdaxilə etmək, bizə şərtlər diktə etmək və necə yaşamalı olduğumuzu öyrətmək cəhdlərinə narazılıqla yanaşmağımız tamamilə haqlıdır. Halbuki bu cür çağırışlarla çıxış edən ölkələrin və siyasi mərkəzlərin özləri insan hüquqlarının qorunması və qanunçuluğun təmin edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirmir.
Bu fikirləri politoloq İlqar Vəlizadə AZƏRTAC-a açıqlamasında deyib.
Ekspert diqqətə çatdırıb ki, hazırda bir sıra Avropa ölkələrində narahatlıq doğuran proseslər baş verir və həmin dövlətlərin yerli ictimaiyyətin etirazlarına və çıxışlarına necə reaksiya verdiyini görürük. Bu reaksiyalar isə çox vaxt, yumşaq desək, adekvat olmur.
“Əlbəttə, yaranmış vəziyyətdən istifadə edərək sabitliyi pozmağa çalışan ekstremist və digər qruplara qarşı ciddi tədbirlər görülməlidir. Lakin görürük ki, atılan addımlar bir çox hallarda yaranan təhlükənin səviyyəsinə uyğun gəlmir və həmin ölkələrin üzərinə götürdükləri öhdəliklərlə ziddiyyət təşkil edir. Hətta insan hüquqlarını müdafiə edən təşkilatlar da bu ölkələrdə insan hüquqlarının və qanunçuluğun pozulması ilə bağlı dəfələrlə tənqidi bəyanatlar səsləndirib”, – deyə o bildirib.
İlqar Vəlizadənin sözlərinə görə, təəssüf ki, siyasi səviyyədə bu cür addımlara ya ümumiyyətlə qiymət verilmir, ya da verilən qiymət olduqca zəif olur.
“Belə bir şəraitdə Azərbaycana nəyi necə etməli olduğunu diktə etməyə çalışırlar. Bəs bu, nə dərəcədə qanunauyğundur? Digər tərəfdən, Prezident İlham Əliyev həmişə açıq şəkildə bildirir ki, Azərbaycan həmin dövlətlərdən fərqli olaraq, heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmır. Təbii ki, bu proseslər bizi də narahat edir, çünki qarşılıqlı asılılığın hökm sürdüyü dünyada yaşayırıq. Lakin siyasi etika, yəni dövlətlərarası münasibətlərin etikası deyilən bir anlayış da var. Görünür, bizə daim ağıl öyrətməyə çalışan, işlərimizə kobud və nəzakətsiz şəkildə müdaxilə edən dairələr bu anlayışdan xəbərsizdir. Xatırlatmaq istərdim ki, beynəlxalq hüququn təməl prinsipləri mövcuddur. Bu, hər bir ölkənin öz siyasətini müstəqil müəyyənləşdirmək hüququ və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipidir. Bizə bu qədər həyasızcasına məsləhət verməyə çalışanlar heç olmasa, bəzən siyasi etikanın ən sadə tələblərini nəzərə alsalar, yaxşı olardı”, – deyə politoloq bildirib.
Neokolonial düşüncə tərzinin qalıqlarına gəlincə, İ.Vəlizadə bunun həmin ölkələrin özündə ciddi siyasi müzakirə mövzusu olduğunu vurğulayıb.
“Neokolonial üsul və yanaşmalar elə həmin ölkələrin öz maraqlarına ziddir. Görürük ki, Afrika, Latın Amerikası və dünyanın digər bölgələrində köhnəlmiş vasitələrdən və ikili standartlardan istifadə artıq arzuolunan nəticəni vermir, əksinə, tamamilə əks effektə gətirib çıxarır. Təkcə müstəmləkəçilik dövrü deyil, ondan sonrakı mərhələ də başa çatıb. Bunu dərk etmək lazımdır. Dünya sürətlə dəyişir və əvvəlki üsullar artıq özünü doğrultmur. Hər kəsin bundan müvafiq nəticə çıxarmasının vaxtı çatıb”, – deyə o bildirib.
Ekspert əlavə edib ki, Azərbaycan Prezidentinin çıxışının əsas məğzi belədir: biz öz yolumuzla gedirik və bizi bu yoldan döndərmək mümkün deyil. Bütün təcrübəmiz bunu təsdiqləyir, qarşımızı kəsmək cəhdləri isə əvvəlcədən uğursuzluğa məhkumdur. Ayrı-ayrı siyasi dairələr bu vəziyyətdən nə qədər tez nəticə çıxarsalar, özləri üçün bir o qədər yaxşı olar.
Müəllif - Leyla Muradzadə