AMEA Gənclər Akademiyasının fəaliyyəti Çində beynəlxalq auditoriyaya təqdim olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
AMEA Gənclər Akademiyasının sədri dosent Elmir Babayev Çin Xalq Respublikasının Sian şəhərində Beynəlxalq Elmlər Akademiyaları Assosasiyasının (MAAN) 39-cu iclasında iştirak edib.
Bu barədə AZƏRTAC-a Gənclər Akademiyasından bildirilib. Elmir Babayev MAAN tərkibində olan Gənc Alimlər Şurasının iclasında “Şuradan Akademiyaya: AMEA Gənclər Təşkilatının inkişafında yeni mərhələ” adlı məruzə ilə çıxış edib. Məruzədə AMEA-da gənclər siyasətinin təşkili, gənc alimlərin elmi fəaliyyətinin dəstəklənməsi və onların akademik mühitdə rolunun gücləndirilməsi məsələlərinə diqqət yetirilib. Təqdimat çərçivəsində Gənclər Akademiyasının fəaliyyəti, gənc tədqiqatçıların elmi proseslərə cəlb olunması və onların təşəbbüslərinin dəstəklənməsi ilə bağlı təcrübənin beynəlxalq auditoriyaya çatdırılması üçün imkan yaranıb.
Gənc alim Çin Xalq Respublikasının (ÇXR) İnsan Resursları və Sosial Təhlükəsizlik Nazirliyinin təşkilatçılığı və Şimal Politexnik Universitetinin ev sahibliyi ilə keçirilən “Qlobal Cənubun görkəmli alimləri” konfransının müvafiq sessiyalarına qatılıb.