Mariam Kvrivişvili: Hökumətlərarası Komissiyanın iclasında mühüm əməkdaşlıq məsələləri müzakirə olunacaq
Tbilisi, 29 oktyabr, AZƏRTAC
Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir ki, səfər çərçivəsində Gürcüstan və Azərbaycan Baş nazirlərinin həmsədrliyi ilə iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçiriləcək.
İclasda ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın mühüm məsələləri müzakirə olunacaq.
“Komissiya iki ölkə arasında enerji, nəqliyyat, investisiyalar, ticarət və digər sahələrdə əməkdaşlıq kimi vacib məsələləri müzakirə edəcək. Həmçinin Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın, xüsusən də Orta Dəhliz kontekstində əsas rol oynadığı regional əhəmiyyətli layihələr barədə danışmaq imkanımız olacaq”, - deyə M.Kvrivişvili bildirib.